Şəkidə ağır qəzada sürücü hadisə yerində öldü, xəsarət alanlar var
Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Canlixeber.com xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Lada Priora” markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində avtomobildə olan Laçın rayon sakini, 24 yaşlı Səbuhi Ağazadə hadisə yerində ölüb.
Maşında olan Şamaxı rayon sakini, 24 yaşlı Əzəlxan Vəliyev, Goranboy rayon sakini, 25 yaşlı Ruhin Əliyev və Mingəçevir şəhər sakini, 40 yaşlı Surxan Hüseynov xəsarət alıblar.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
