“Zevs”in qardaşının cinayət işində zərərçəkənlər etiraz edir
“Farmaniya.com” piramidasının admini Hüseyn Quliyevin vaxtından əvvəl azadlığa buraxılacağı ilə bağlı yayılan məlumatlar cinayət işi üzrə zərərçəkmişlərin ciddi narazılığına səbəb olub.
Canlixeber.com Musavat.com-a istinadən xəbər verir ki, müraciət edən zərərçəkənlər Hüseyn Quliyevin cəzasının ağırlaşdırılmasını tələb etdikləri bir vaxtda müxtəlif mənbələrdən onun cəzasının yüngülləşdiriləcəyi və hətta vaxtından əvvəl azadlığa buraxılacağı barədə məlumatlar aldıqlarını bildirirlər.
Onların sözlərinə görə, söhbət yüzlərlə vətəndaşın pul itirdiyi iddia olunan işdən gedir və belə bir qərarın qəbul edilməsi onların narazılığını daha da artıracaq.
Xatırladaq ki, Hüseyn Quliyev barəsində iyunda Bakı Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılıb. Hökmə əsasən Hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə tərkibi ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırmanın külli miqdarda törədilməsi) üzrə ittihama bəraətverici əsaslarla xitam verib.
Məhkəmə yekunda Hüseyn Quliyevə Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi (dələduzluğun təkrar törədilməsi) və 244-1.2.2-ci maddəsi (qumar oyunlarının virtual formada, internet və ya digər elektron vasitələrdən istifadə edilməklə təşkili və ya keçirilməsi) ilə ümumilikdə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Halbuki dövlət ittihamçısı tərəfindən məhkəmədə Hüseyn Quliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsi istənilmişdi.
Məlumat üçün qeyd edək ki, “Farmaniya.com” işi 2025-ci ilin sentyabrında geniş ictimai rezonans doğurmuşdu. Həmin vaxt sosial şəbəkələrdə “investisiya layihəsi” kimi təqdim olunan platformanın onlayn piramida dələduzluğu sxemi ilə fəaliyyət göstərməsi və vətəndaşların pullarının ələ keçirilməsi barədə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə çoxsaylı müraciətlər daxil olmuşdu.
Əməliyyat-texniki tədbirlər nəticəsində tətbiqin idarəetmə panelinin admini, 2006-cı il təvəllüdlü Hüseyn Quliyev müəyyən edilərək saxlanılmışdı. İstintaq materiallarına əsasən, Hüseyn Quliyev sosial şəbəkələrdə özünü bloger kimi təqdim edib və “Farmaniya.com” saytını rəsmi investisiya layihəsi kimi reklam edib. O, istifadəçilərə yatırdıqları vəsait müqabilində yüksək gəlir əldə edəcəklərini vəd etməklə onların etimadını qazanıb.
Araşdırmaya görə, bu yolla 18 mindən çox şəxs platformada qeydiyyatdan keçib, nəticədə isə 400 min manata yaxın vəsaitin dələduzluq yolu ilə mənimsənildiyi müəyyən edilib. İstintaq zamanı Hüseyn Quliyevin vətəndaşların vəsaitlərini ələ keçirmək üçün tanışı, 22 yaşlı Badamxanım Əhmədovanın adına açılmış elektron pul kisəsindən istifadə etdiyi də müəyyənləşdirilib.
Bildirilir ki, Badamxanım Əhmədova bu fəaliyyət müqabilində dələduzluq yolu ilə əldə olunan vəsaitdən maddi gəlir əldə edib və sonradan cinayət məsuliyyətinə cəlb olunub. Araşdırmalar zamanı saxlanılan şəxslərin istifadə etdikləri bank kartlarına ümumilikdə 700 min manatdan artıq vəsaitin mədaxil olunduğu müəyyən edilib. Hazırda zərərçəkənlərin əsas narazılığı isə məhkəmənin təyin etdiyi 4 illik cəzanın onların fikrincə, törədilmiş əməlin və zərərin miqyasına uyğun olmaması ilə yanaşı, Hüseyn Quliyevin vaxtından əvvəl azadlığa buraxılacağı barədə məlumatların yayılmasıdır. Zərərçəkənlər bildirirlər ki, onlar məhkəmə hökmünün dəyişdirilərək cəzanın ağırlaşdırılmasını gözlədikləri halda, əks istiqamətdə məlumatların yayılması ciddi suallar doğurur.
Qeyd edək ki, Hüseyn Quliyev “Zevs” ləqəbi ilə tanınan videobloger Ruslan Quliyevin qardaşıdır.
