Yay Günlərinin Gizli Təhlükəsi: Günvurmadan Necə Qorunmalı?
Yay fəsli özü ilə bərabər dəniz, günəş və bol enerji gətirsə də, anomal isti hava şəraiti ciddi bir sağlamlıq təhlükəsini – günvurmanı da gündəmə gətirir. Tibb mütəxəssisləri xəbərdarlıq edir ki, bədənin temperatur tənzimləmə sistemi sıradan çıxdıqda yaranan bu hal, vaxtında müdaxilə edilməzsə, həyati təhlükə yarada bilər. Lakin sadə və effektiv qaydalara əməl etməklə yayın dadını tamamilə təhlükəsiz çıxarmaq mümkündür.
Canlixeber sizlər üçün günvurmadan qorunmaq üçün və günvurma zamanı əməl etməli olduğunuz qaydaları toplayıb.
Qorunma Yolları: Günəşlə Məsafəni Necə Saxlamalı?
Kritik saatlara diqqət:Günvurmadan qorunmağın ilk qızıl qaydası günəş şüalarının ən aqressiv olduğu saat 11:00-dan 16:00-a qədər birbaşa açıq havada olmamaqdır.
Geyim seçimi:Küçəyə çıxarkən mütləq açıq rəngli, pambıq və geniş geyimlərə üstünlük verilməli, başı qorumaq üçün mütləq papaq və ya çətirdən istifadə edilməlidir.
Maye balansı: Susuzluq hissini gözləmədən, gün ərzində ən azı 2-2.5 litr təmiz su içmək bədənin temperaturunu normada saxlamaq üçün şərtdir.
Rasionun tənzimlənməsi: Ağır, yağlı qidalardan, spirtli və həddindən artıq şirin içkilərdən uzaq durmaq lazımdır, çünki bu növ qidalar bədənin maye itkisini sürətləndirir.
Günvurma Zamanı İlk Yardım: Həyat
Qurtaran Addımlar
Əgər sizdə və ya yaxınlığınızdakı birində güclü baş ağrısı, ürəkbulanma, başgicəllənmə və bədən temperaturunun qəfil yüksəlməsi kimi simptomlar müşahidə olunursa, dərhal hərəkətə keçmək lazımdır. İlk növbədə, zərərçəkmiş şəxsi təcili olaraq kölgə, sərin və havası yaxşı dəyişən bir məkana aparmaq şərtdir. Küçədəsinizsə, yaxınlıqdakı kondisionerli bir mağaza və ya kölgəlik ağacaltı ən yaxşı sığınacaq ola bilər.
Vacib qeyd:Günvurma zamanı bədəni birdən-birə buzlu suya salmaq olmaz, çünki bu, damarların qəfil daralmasına və şoka səbəb ola bilər.
Zərərçəkənin geyimini yüngülləşdirmək, yaxasını açmaq bədənin nəfəs almasına kömək edəcəkdir. Onun alnına, boynuna, qoltuqaltı nahiyələrinə yaş dəsmal və ya soyuq kompres qoyaraq bədən hərarətini tədricən aşağı salmağa çalışın. Əgər şəxsin huşu özündədirsə, ona xırda qurtumlarla sərin (lakin buzlu olmayan) su və ya duzlu ayran vermək itirilmiş mineral balansını bərpa edəcək. Şəxsin huşu itibsə, ona qətiyyən maye içirməyə çalışmayın və dərhal təcili tibbi yardıma (103) müraciət edin. Unutmayın ki, vaxtında və düzgün göstərilən ilk yardım insan həyatını xilas edir.
