Xarici ölkələrə səyahət zamanı viza alarkən nələrə diqqət etməli?- Ekspert açıqladı
“Beynəlxalq səyahətlərə marağın artması, təhsil, turizm, biznes və ailə ziyarəti məqsədilə xarici ölkələrə edilən müraciətlərin çoxalması fonunda viza xidmətlərinə olan tələbat da əhəmiyyətli dərəcədə yüksəlib. Bununla yanaşı, son illər viza sahəsində dələduzluq halları da geniş yayılmağa başlayıb. Viza prosedurları barədə kifayət qədər məlumatı olmayan və ya müraciət prosesini asanlaşdırmaq istəyən şəxslər bəzən peşəkar xidmət adı altında fəaliyyət göstərən, lakin qanuni əsaslarla işləməyən şəxslərin qurbanına çevrilirlər”
Bu barədə Canlixeber.com-a danışan turizm məsələləri üzrə ekspert Seyranə İbrahimova deyib.
Ekspert bildirib ki, istənilən viza müraciəti fərdi qaydada qiymətləndirilir və yekun qərar yalnız müraciət edilən dövlətin səfirliyi və ya konsulluğu tərəfindən qəbul olunur:
“Heç bir viza şirkəti, turizm agentliyi və ya fərdi vasitəçi bu qərara təsir etmək səlahiyyətinə malik deyil. Bu səbəbdən “100 faiz viza zəmanəti”, “səfirlikdə tanışlarımız var”, “qısa müddətdə zəmanətli nəticə” kimi ifadələr hüquqi və faktiki əsasa malik deyil və vətəndaşlarda yanlış təsəvvür formalaşdırır.
Təcrübəmiz göstərir ki, vətəndaşlar arasında viza mütəxəssisinin fəaliyyəti ilə bağlı da müəyyən yanlış təsəvvürlər mövcuddur. Bizə edilən müraciətlər zamanı tez-tez “Siz vizanı neçəyə alırsınız?” və ya “Hansı ölkələrə viza ala bilirsiniz?” kimi suallarla qarşılaşırıq. Əslində isə bu yanaşma viza prosesinin mahiyyətini tam əks etdirmir. Viza mütəxəssisinin əsas vəzifəsi viza vermək və ya viza almaq deyil. Onun funksiyası müraciət sahibinə peşəkar məsləhət vermək, tələb olunan sənədlərin düzgün hazırlanmasına dəstək göstərmək, müraciət prosesini səfirliyin və ya konsulluğun tələblərinə uyğun şəkildə təşkil etməkdir. Viza ilə bağlı yekun qərar isə istisnasız olaraq yalnız müvafiq səfirlik və ya konsulluq tərəfindən qəbul edilir. Bu baxımdan “viza alırıq”, “vizanı təmin edirik” və ya “100 faiz nəticə əldə edirik” kimi ifadələr peşəkar fəaliyyət prinsiplərinə uyğun deyil və vətəndaşlarda yanlış gözləntilərin formalaşmasına səbəb olur.
Praktikada rast gəlinən dələduzluq üsulları müxtəlif formalarda özünü göstərir. Bəzi hallarda vətəndaşlardan yüksək məbləğdə ödəniş alınmasına baxmayaraq, ümumiyyətlə müraciət həyata keçirilmir. Digər hallarda isə müraciət sahibinin xəbəri olmadan saxta bank çıxarışları, saxta iş arayışları, gəlir sənədləri və digər saxta məlumatlar hazırlanaraq sənədlər paketinə əlavə edilir. Bəzən vətəndaş həmin sənədlərin saxta olduğunu belə bilmir. Lakin təqdim olunan sənədlərin doğruluğuna görə hüquqi məsuliyyət ilk növbədə müraciət sahibinin üzərində qalır”.
S.İbrahimova qeyd edib ki, saxta sənədlərin təqdim edilməsi yalnız viza imtinasına səbəb olmur:
“Bir çox ölkənin miqrasiya qanunvericiliyinə əsasən, yanlış və ya saxta məlumat təqdim edən şəxslər müəyyən müddət ərzində həmin ölkəyə yenidən viza müraciəti etmək hüququndan məhrum edilə, gələcək müraciətlərdə daha ciddi yoxlamalara cəlb oluna və bəzi hallarda uzunmüddətli giriş məhdudiyyəti ilə üzləşə bilərlər. Buna görə müraciət paketinə daxil edilən hər bir sənəd və məlumat vətəndaş tərəfindən diqqətlə yoxlanılmalıdır.
Dələduzlar insanların psixoloji vəziyyətindən də istifadə edirlər. Xüsusilə əvvəllər viza imtinası almış, təcili səfər planlaşdıran və ya mürəkkəb hesab etdiyi prosedurlardan narahat olan şəxslərə “yalnız bizim vasitəmizlə mümkündür”, “əlavə ödəniş müqabilində nəticəni həll edəcəyik”, “xüsusi əlaqələr hesabına viza veriləcək” kimi reallığa uyğun olmayan vədlər təqdim edilir. Halbuki heç bir şəxs viza müraciətinə baxılma müddətini və ya nəticəsini öz istəyi ilə dəyişdirə bilməz”.
Ekspertin sözlərinə görə, müraciət etməzdən əvvəl xidmət göstərən tərəfin fəaliyyəti, təcrübəsi və etibarlılığı araşdırılmalı, təqdim olunan məlumatların rəsmi tələblərə uyğunluğu yoxlanılmalı, qeyri-real vədlərə əsaslanan təkliflərə etibar edilməməlidir:
“Həmçinin vətəndaşlar bütün ödəniş qəbzlərini, yazışmaları və təqdim edilən sənədlərin surətlərini saxlamalıdırlar. Bu materiallar sonradan hər hansı hüquqi mübahisə və ya dələduzluq faktı ilə bağlı araşdırma aparılarkən mühüm sübut kimi istifadə oluna bilər.
Nəticə etibarilə, viza müraciətində uğurun əsas şərti qısa yol axtarmaq deyil, qanunvericiliyin tələblərinə uyğun, şəffaf və düzgün hazırlanmış müraciətdir. Məlumatlı olmaq, yalnız rəsmi prosedurlara etibar etmək, əsassız vədlərə inanmamaq və təqdim edilən hər bir sənədə məsuliyyətlə yanaşmaq həm maliyyə itkilərinin, həm də gələcək hüquqi problemlərin qarşısının alınmasında mühüm rol oynayır”.
