Qız qaçıran şəxslərə ağır cəza verildi
Gəncə Ağır Cinayətlər Məhkəməsi qızın zorla qaçırılması və cinsi zorakılıqla bağlı cinayət işi üzrə hökm elan edib.
Canlixeber.com xəbər verir ki, məhkəmə araşdırması zamanı zərərçəkmiş bildirib ki, o, evinin yaxınlığında avtomobilə zorla mindirilərək Ağstafa rayonunun kəndlərindən birində yerləşən evə aparılıb.
Onun sözlərinə görə, yolda avtomobildən düşməyə cəhd etsə də, buna imkan verilməyib, sonradan isə saxlanıldığı evdə iradəsinin əleyhinə cinsi əlaqəyə məcbur edilib. Zərərçəkmiş ifadəsində hadisə yerindən qaçmağa çalışdığını, hasardan tullandıqdan sonra xəsarət aldığını və qonşuların həyətinə sığındığını deyib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, zərərçəkmişin bədənində müxtəlif nahiyələrdə qançır və sıyrıqlar, həmçinin topuq nahiyəsində əzilmə aşkarlanıb.
İş üzrə dindirilən şahidlərin bir qismi zərərçəkmişin öz razılığı ilə gəldiyini iddia etsələr də, digər şahidlər onun evdən qaçaraq kömək istədiyini və polis əməkdaşlarının hadisə yerinə çağırıldığını bildiriblər. Məhkəmə sübutları, zərərçəkmişin ifadəsini, şahid ifadələrini və ekspertiza rəylərini birlikdə qiymətləndirərək əsas təqsirləndirilən şəxsi zorlama və adam oğurluğunda, digər iki şəxsi isə adam oğurluğunda təqsirli hesab edib.
məhkəmənin hökmünə əsasən, əsas təqsirləndirilən şəxs O.T(şərti ad) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu), 149.1-ci (zorlama) və 170.3-cü maddələri ilə təqsirli bilinib. Ona hər bir maddə üzrə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanaraq ona qəti olaraq 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
İş üzrə digər iki təqsirləndirilən şəxs adam oğurluğunda iştirak etdiklərinə görə Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təqsirli biliniblər. Onlardan birinə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Digər şəxsə də eyni müddətdə cəza verilsə də, cinayəti törədərkən yetkinlik yaşına çatmaması, ilk dəfə cinayət törətməsi və digər yüngülləşdirici hallar nəzərə alınaraq Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib, cəza şərti hesab olunub və ona 1 il sınaq müddəti müəyyən edilib.
