Nəvəsinin sevgilisini bıçaqlayan 78 yaşlı kişi: “İki bıçaq qırıldı, üçüncünü götürdüm”
3 mins read

Nəvəsinin sevgilisini bıçaqlayan 78 yaşlı kişi: “İki bıçaq qırıldı, üçüncünü götürdüm”

Şərur rayonunda 1948-ci il təvəllüdlü Namiq nəvəsi Arzunun otağında gizlənən Orxanı (adlar şərtidir – red.) bıçaqlayıb.

Oxu.Az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə 2026-cı ilin martında gecə saatlarında kəndlərin birində baş verib.

İstintaq orqanı tərəfindən Namiqin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Namiq nəvəsinin sevgilisi olan 1996-cı il təvəllüdlü Orxanın gecə saatlarında evə pəncərədən daxil olduğunu öyrənib. Qısqanclıq zəminində “yad qonağ”ı öldürmək istəyib.

Namiq istintaqa ifadəsində bildirib ki, mətbəxdən bıçaq götürərək nəvəsi Arzunun otağına daxil olmaq istəyib:

“Otağın qapısı bağlı idi. Arzudan qapını açmağını tələb etdim, o, boyun qaçırdı. Əvvəl bıçaqla qapını açmağa cəhd etdim, sonra qapının şüşəsini kənara çəkdim, əlimi içəri salıb, kilidi açıb otağa girdim. Arzu yatdığı yerdən tərpənmədi. Onu vurub zorla yatağın üzərindən yerə atdım. Uşaqları otaqdan çıxarmışdım.

Sonra yatağın üzərində olan döşəyi kənara çəkdim. Əlimdəki bıçaqla çarpayının altında olan şəxsə yox, çarpayının döşəmə taxtasına 20-25 bıçaq zərbəsi vurdum. Bununla Arzuda stres yaratmaq istəyirdim. Zərbələrin təsirindən əlimdəki bıçaq qırıldı. Mətbəxə gedib, ikinci dəfə bıçaq götürüb otağa qayıtdım. Yataq dəstini qaldırmaq istəyəndə Arzu buna imkan vermədi. Onu vurub dəsti qaldırdım. Çarpayının künc tərəfinə sıxılmış və uzanmış vəziyyətdə Orxanı gördüm. Yaxasından yapışıb güclə çarpayının sağ tərəfində olan boşluğa atdım. Endirdiyim bıçaq zərbələrindən əlimdəki ikinci bıçaq da qırıldı.

Mətbəxdən üçüncü dəfə bıçaq götürdüm. Orxanın bıçaqlamaq istədiyim zaman Arzu əlimin üstündən vurub bıçağı yerə saldı, axtarsam da, bıçağı tapmadım. Dördüncü dəfə mətbəxə getdim, bıçaq götürüb qayıtdım. Bu vaxt otağa gələn arvadım, nəvəm və gəlinim ağlayaraq Orxanın artıq öldüyünü dedilər, ona yenidən xəsarət yetirməyimə mane oldular. Mən də otaqdan çıxdım”.

Hadisə zamanı “102” vasitəsilə polisə Arzu məlumat verib. Orxan xəstəxanaya çatdırılıb və həyatı xilas edilib.

Cinayət işinə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində baxılıb. Namiq 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.