Kürəkənin qətlində təqsirləndirilən ata ilə qızına ağır cəza verilib
Bakıda kürəkənini qətlə yetirməkdə təqsirləndirilən Nəcəf Qafarov və qızı Nuranə Nəcəfovanın cinayət işinin məhkəməsi yekunlaşıb.
Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunaraq Nəcəf Qafarov 19 il, qızı Nuranə Nəcəfova isə 14 il 6 ay azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, ötən prosesdə prokuror Nəcəf Qafarovun 20 il, Nuranə Nəcəfovanın isə 18 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi.
Xatırladaq ki, hadisə 2025-ci il aprelin 21-də paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 37 yaşlı Ədil Məhərrəmov fərdi yaşayış evində qəsdən öldürülüb.
Araşdırmalarla onun əvvəllər məhkum olunmuş 57 yaşlı qayınatası Nəcəf Qafarov tərəfindən qətlə yetirildiyi məlum olub.
Nəcəf Qafarov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Daha sonra isə onun qızı və qətlə yetirilən Ədil Məhərrəmovun həyat yoldaşı Nuranə Məhərrəmova da hadisə ilə bağlı ittiham edilərək istintaqa cəlb olunub.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə – xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
