Kozinoğlu işində autopsiya nəticəsi üzə çıxdı: Son dərəcə ölümcül maddə tapıldı
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının keçmiş üzvü Kaşif Kozinoğlunun 2011-ci ildə Silivridəki şübhəli ölümündən 15 il sonra açılan məzarında şübhəli “element”lərə rast gəlinib.
Canlixeber.com xəbər verir ki, bu barədə Türkiyə KİV yazıb.
Bildirilir ki, mərhumun autopsiyasında “antimon” zəhəri şübhəsi ortaya çıxması ilə onun infarktdan ölməsi ilə bağlı versiya alt-üst olub.
Belə ki, DNT testi nəticəsində 99.99 faiz ehtimalla Kozinoğluna ait olduğu bildirilən cəsəd üzərində bioloji və kimyəvi analizlər maraqlı faktları ortaya qoyub. Saç, dırnaq, dəri, sümük və kəfən də daxil olmaqla 36 fərqli nümunə əsasında aparılan analizlərdə məzarda torpağında rast gəlinməyən antimon maddəsi aşkarlanıb. Toksikoloji araşdırmalarda sianid və narkotik izləri aşkarlanmasa da, saçın qramında 548, dırnaqda isə 7 min nanoqram kimi son dərəcə ölümcül səviyyədə antimon və müxtəlif ağır metallara (arsen, qurğuşun, nikel) rast gəlinib.
Kimyəvi quruluşu etibarilə arsenlə böyük bənzərlik göstərən antimon maddəsi hüceyrəyə ağır zərbə vuraraq infarct, qaraciyər və böyrək çatışmazlığına səbəb ola bilir. Bu zəhərli maddənin torpaqdan cəsədə keçmədiyinin təsdiqlənməsi ilə planlı bir zəhərlənmə şübhəsi dəqiqləşib. Bu fonda artıq Kozinoğlunun ölümündən qısa bir zaman əvvəl həbsxanada qəhvə içməsi faktı böyük önəm daşımağa başlayıb. Toksikoloji ədəbiyyatda qəhvə kəskin qoxusu və tərkibi səbəbilə ağır metalların dadını və qoxusunu gizlədə bilən, tapılmasını çətinləşdirən son dərəcə təsirli bir daşıyıcı olaraq qəbul edilir. Bu detal zəhərin həzm sistemi yolu ilə orqanizmə keçməsi ehtimalını daha da artırır.
Qeyd edək ki, Kozinoğlunun ölümünə dair iddiaların aşkar faktlara çevrilməsindən sonra aparılan istintaq çərçivəsində indiyədək 30-dan artıq şəxs dindirilib, onlardan doqquzu saxlanılıb.
