İki edamdan sağ çıxan amerikalı məhkum həbsxana rəhbərliyindən şikayət etdi
Ölüm hökmünün icrası zamanı iki dəfə ölümcül iynədən sağ qurtulan ABŞ vətəndaşı Krista Payk həbsxana administrasiyasını məhkəməyə verib.
Canlixeber.com xəbər verir ki, bu barədə “RIA Novosti” məhkəmə materiallarına istinadən məlumat yayıb.
Qadın iddia edib ki, tarakanların basdığı duş otağını öz əlləri ilə təmizləməyə məcbur edilir. Bu isə reabilitasiya dövrünü keçən məhkumun onsuz da ağır olan səhhətinə mənfi təsir göstərə bilər.
“Məcbur qalıb tarakanlarla dolu duş kabinəsini təkbaşına təmizləmişəm. Bu vəziyyət mənim üçün infeksiya və əlavə xəsarətlər almaq baxımından böyük risk yaradır”, – deyə şikayət ərizəsində qeyd olunur.
Sənədlərdə bildirilir ki, Payk oktyabrın 9-da xəstəxanadan çıxdıqdan sonra “Debra K. Johnson” islah mərkəzinə gətirilib. O, həbsxana tibb məntəqəsində qeyri-müəyyən müddətə təkadamlıq otağa salınıb. Cəza çəkən şəxsin digər məhbuslarla ünsiyyət qurmasına, gəzintiyə çıxmasına, işləməsinə və dini mərasimlərdə iştirakına tamamilə qadağa qoyulub.
Xatırladaq ki, Payk 1995-ci ildə 18 yaşında olarkən sinif yoldaşı Kollin Slemerin qətlində iştirak etdiyinə görə ölüm cəzasına məhkum edilmişdi.
