Heydər Əliyev prospektində dayanmış avtomobil qəzaya səbəb olub
Müşahidə kameraları vasitəsilə qeydə alınan bu yol-nəqliyyat hadisəsi paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində baş verib. Hava limanı istiqamətində hərəkətdə olan nəqliyyat vasitəsi yolun kənarında dayanmış avtomobilə çırpılıb.
Canlixeber.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Görüntülərdən də aydın görünür ki, minik avtomobili müəyyən səbəbdən yolun hərəkət hissəsində dayanıb və digər hərəkət iştirakçılarını vaxtında xəbərdar etmək üçün zəruri təhlükəsizlik tədbirləri görülməyib.
Müşahidələr göstərir ki, belə hallarda həm məcburi dayanmış nəqliyyat vasitəsinin sürücüsü tərəfindən təhlükəsizlik qaydalarına əməl olunmaması, həm də hərəkətdə olan digər nəqliyyat vasitələrinin sürücüləri tərəfindən diqqətsizliyə yol verilməsi qəza riskini artırır.
Belə halların qarşısının alınması üçün nasazlıq və ya digər səbəbdən məcburi dayanma zamanı sürücü qəza dayanma işıq siqnalını yandırmaqla yanaşı, nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə qəza dayanma nişanı quraşdırmalıdır.
Eyni zamanda, hərəkətdə olan bütün sürücülər yollarda diqqətli olmalı və sürət həddinə əməl etməlidirlər.
