Hansı hallarda bəraət hökmü çıxarılır? – Hakimdən açıqlama
3 mins read

Hansı hallarda bəraət hökmü çıxarılır? – Hakimdən açıqlama

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Murad Aslanov bəraət hökmünün hansı hallarda çıxarıldığını və bu anlayışın şərti məhkumetmədən fərqini izah edib.

Canlixeber.com xəbər verir ki, hakim bəraət hökmünün şəxsin təqsirinin sübuta yetirilmədiyi hallarda çıxarıldığını qeyd edib:
“Cinayət-Prosessual Məcəlləsinə əsasən, bəraət hökmü aşağıdakı hallarda verilə bilər:

  • cinayət hadisəsi olmadıqda;
  • şəxsin əməlində cinayət tərkibi olmadıqda;
  • şəxsin cinayətin törədilməsinə aidiyyəti müəyyən edilmədikdə;
  • şəxsin təqsirliliyi sübuta yetirilmədikdə”.

M. Aslanov bildirib ki, bu əsaslardan hər hansı biri mövcud olduqda şəxs təqsirsiz hesab edilir:

“Şəxs oğurluq cinayətində ittiham olunsa da, məhkəmə araşdırması zamanı onun həmin hadisə ilə əlaqəsinin olmadığı müəyyən edilərsə, məhkəmə bəraət hökmü çıxarmalıdır.
Məhkəmənin vəzifəsi istintaq orqanlarının gəldiyi nəticələri avtomatik təsdiqləmək deyil. Onun sözlərinə görə, məhkəmə təqdim olunan bütün sübutları müstəqil şəkildə araşdırır, onların qanuna uyğun əldə olunub-olunmadığını və etibarlılığını yoxlayır, yalnız bundan sonra yekun qərar qəbul edir”.

Hakim bildirib ki, bəzi hallarda məhkəmə araşdırması zamanı məhkəməyədək icraat mərhələsində qanun pozuntularına yol verildiyi, şəxslərin hüquqlarının pozulduğu və ya prosessual tələblərə lazımi qaydada əməl olunmadığı müəyyən edilir:
“Belə hallarda məhkəmə yalnız iş üzrə qərar verməklə kifayətlənmir, zəruri hesab etdikdə həmin pozuntuların səbəblərinin araşdırılması və gələcəkdə təkrarlanmaması məqsədilə məsul şəxslər barəsində tədbir görülməsi üçün xüsusi qərar da çıxara bilər.
Cəmiyyətdə bəzən şərti məhkumetmə ilə bəraət hökmü eyni anlayış kimi qəbul edilir. Halbuki, bunlar hüquqi baxımdan tamamilə fərqli institutlardır”.

Onun sözlərinə görə, şərti məhkumetmə zamanı şəxs təqsirli hesab olunur və ona cəza təyin edilir:
“Sadəcə, həmin cəzanın icrası müəyyən edilmiş sınaq müddəti ilə əlaqələndirilir. Bəraət hökmü zamanı isə məhkəmə şəxsin həmin cinayəti törətmədiyi və ya təqsirinin sübuta yetirilmədiyi qənaətinə gəlir. Bu halda şəxs tam şəkildə təqsirsiz hesab olunur.
Qanunvericilik bəraət hökmündə şəxsin təqsirsizliyini şübhə altına ala biləcək hər hansı ifadədən istifadə olunmasını da qadağan edir”.