Bakıda evdən 80 min manatlıq qızıl oğurlayan xadiməyə hökm oxundu
3 mins read

Bakıda evdən 80 min manatlıq qızıl oğurlayan xadiməyə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən G.Abdullayevanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Canlixeber.com xəbər verir ki, hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə G.Abdullayeva 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

İttihama əsasən, G.Abdullayeva tamah niyyəti ilə özgənin əmlakını gizli şəkildə talamaq məqsədilə 2025-ci ildə zərərçəkmiş Orxan Tağıyevə (soyadı şərtidir) məxsus, paytaxt ərazisində yerləşən evdə xadimə işləyərkən cinayət əməli törədib.

Belə ki, təqsirləndirilən şəxs evin yataq otağını təmizlədiyi zaman güzgülü dolabın üzərində zərərçəkmiş şəxsə məxsus üzüyü görüb.

Söhbət həmin vaxtın məzənnəsi ilə 25 500 manat dəyərində olan 11 qram çəkidə, 18 karatlıq brilyant qaşlı bir ədəd qızıl üzükdən gedir. G.Abdullayeva üzüyü götürərək cibinə qoyub.

Bundan sonra o, həmin dolabın siyirməsindən daha iki üzüyü də götürüb. Digər iki üzüyün qiyməti 55 000 manat göstərilib.

Beləliklə, təqsirləndirilən şəxs ümumilikdə 80 500 manat dəyərində əmlakı gizli yolla ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla oğurluq edib.

Məhkəmədə ifadə verən G.Abdullayeva ittiham üzrə özünü təqsirli bilib.

O deyib ki, Orxan Tağıyevin evində xadimə işləyib və üzükləri həmin evdən götürüb, “Moskva” univermağında birini 1 300 manata satıb. Bir neçə gün sonra digər üzüyü də həmin yerdə 4 000 manata satıb.

O, hadisədən bir neçə gün sonra oğurluğun üstünün açıldığını bildirib.

Təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olduğunu deyib.

Məhkəmədə verilən sualları cavablandıran G.Abdullayeva deyib ki, üzükləri satarkən onların özünə məxsus olduğunu deyib.

Onun sözlərinə görə, üç azyaşlı övladı var və zərərçəkmiş şəxslə barışıblar.

Təqsirləndirilən şəxs üzüklərin hər üçünün geri qaytarıldığını bildirib.

O, həmçinin qeyd edib ki, üzüklərin satışından əldə etdiyi pulları xərcləməyib. Üzüklərdən birini ümumiyyətlə satmayıb və evində saxlayıb. Digər iki üzüyü isə satdığı yerdən geri alıb.

Məhkəmədə Orxan Tağıyev də ifadə verib. O bildirib ki, həyat yoldaşı evdə olan üzüklərin itdiyini deyib. Bundan sonra polisə müraciət edilib və faktla bağlı cinayət işi başlanıb.

Zərərçəkmiş şəxs məhkəmədə G.Abdullayeva ilə barışdıqlarını söyləyib. O, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını deyib.