AMEA tarixində üzvlükdən xaric edilən ikinci şəxs Ramiz Mehdiyev oldu – ilk kim idi?
2 mins read

AMEA tarixində üzvlükdən xaric edilən ikinci şəxs Ramiz Mehdiyev oldu – ilk kim idi?

Xəbər verdiyimiz kimi Ramiz Ənvər Oğlu Mehdiyev AMEA Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsi səsə qoyularaq qəbul edilib.

Canlixeber.com-un məlumatına görə, R.Mehdiyev AMEA tarixində Akademiya üzvlüyündən xaric edilən ikinci şəxsdir.

Bəs AMEA üzvlüyündən xaric edilən ilk şəxs kimdir?

Məlumata görə, ilk dəfə Akademiya üzvlüyündən xaric edilən şəxs sabiq səhiyyə naziri və deputat Əli İnsanovdur.

Belə ki, 4 may 2007-ci il tarixində keçirilmiş Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı Əli İnsanovun AMEA həqiqi üzvlüyündən xaric edilməsi məsələsi müzakirə olunub. Yekunda səsvermədə iştirak edən 56 nəfər Əli İnsanovun AMEA üzvlüyündən xaric edilməsinin lehinə, 1 nəfər isə əleyhinə səs verib. Beləliklə, Əli Binnət oğlu İnsanov AMEA-nın həqiqi üzvlüyündən xaric edilib.

Məlumat üçün bildirək ki, Əli Binnət oğlu İnsanov 1946-cı il mart ayının 22-də Ermənistan SSR-in Noyemberyan rayonunun Ləmbəli qəsəbəsində anadan olub. 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1993-2005-ci illərdə isə Səhiyyə naziri vəzifəsində çalışıb.

Qeyd edək ki, Ə.İnsanov 2005-ci il oktyabrın 20-də Azərbaycan Respublikasında Milli Məclisə seçkilər ərəfəsində hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşların təşkilinə hazırlıq kimi ittihamlarla həbs edilib, sonradan ona qarşı vəzifə və iqtisadi cinayətlər törətməsi ittihamları da irəli sürülüb. O, 2007-ci ilin aprel ayında 11 il müddətinə azadlıqdan məhrum edilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin əfv Sərəncamı ilə 2019-cu ilin mart ayının 16-da azadlığa buraxılıb. 2024-cü ilin sentyabr ayında məhkumluğu üzərindən götürülüb.