ADY: Bakı–Tbilisi–Bakı qatarında sərnişin yerlərinin sayı 564-ə çatdırılır
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) beynəlxalq istiqamətdə artan sərnişin tələbatının qarşılanması və səyahət imkanlarının genişləndirilməsi məqsədilə sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçirməsi nəticəsində sərnişin yerlərinin sayı 386-dan 564-ə çatdırılır.
Canlixeber.com xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb.
Məlumata görə, bu, 50 %-ə yaxın artım deməkdir.
Yeni reyslərin istifadəyə verilməsi sayəsində sərnişinlər üçün daha aşağı büdcəli səyahət imkanları təqdim edilir. Belə ki, əlavə reyslərdə standart sinif (əvvəlki plaskart vaqonlar) üzrə biletlərin qiyməti 36 AZN-dən başlayır. Yeni aşağı büdcəli səyahət seçimi ilə sərnişinlər 30 faiz daha ucuz qiymətə səyahət edə biləcəklər. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gediş haqqı 54 AZN, Yevlaxdan 44 AZN, Gəncədən 41 AZN, Ağstafadan 38 AZN, Böyük Kəsikdən Tbilisiyə isə 36 AZN təşkil edir.
Hazırda Bakıdan Tbilisiyə “Stadler” vaqonlarında komfort sinif üzrə minimum gediş haqqı 77,5 AZN, Gəncədən isə 56,8 AZN-dir.
Əlavə reyslərlə sərnişinlərə gecə səfərləri ilə yanaşı, gündüz səyahəti imkanı da təqdim edilir. Bununla da sərnişinlər Bakı–Tbilisi–Bakı marşrutu üzrə öz planlarına uyğun səfər vaxtını seçə biləcəklər.
