Xırdalan-Biləcəri sahəsində təmir işləri başlayıb
2 mins read

Xırdalan-Biləcəri sahəsində təmir işləri başlayıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Xırdalan–Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmiryol körpüsünün bərpasına başlayıb.

Canlixeber.com xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, görülən işlərin əsas məqsədi xətt üzrə qatarların təhlükəsiz və etibarlı hərəkətinin təmin edilməsidir.

Körpüdə bərpa işlərinin başlaması ilə şəhərətrafı qatarların hərəkət qrafikində müvəqqəti dəyişikliklər edilib. Belə ki, Xırdalan–Bakı istiqamətində hərəkət sürəti və istiqamətinin dəyişməsi ilə əlaqədar dəyişikliklər səbəbindən qatarların çatma müddəti müvəqqəti olaraq artıb.

Yeni qrafik sərnişindaşıma xidmətinin davamlılığını təmin etməklə yanaşı, ərazidə bərpa işlərinin tələb olunan təhlükəsizlik şərtləri çərçivəsində aparılmasına imkan verir. Bununla yanaşı, şəhərətrafı qatarların gündəlik reys sayı artırılaraq 84-dən 90-a çatdırılıb.

Körpünün bərpası başa çatdıqdan sonra sözügedən istiqamət üzrə sürət həddi artırılacaq və qatarların hərəkət qrafiki müvafiq qaydada tənzimlənəcək. Eyni zamanda, Xırdalan–Sumqayıt xətti üzrə sərnişindaşıma bərpa ediləcək.

Hərəkətin tədris ili başladıqdan qısa müddət sonra tam bərpası nəzərdə tutulur.