717 min manatlıq mənimsəmə işi: Məhkəmədə gözlənilməz qərar verildi
2 mins read

717 min manatlıq mənimsəmə işi: Məhkəmədə gözlənilməz qərar verildi

Auditorlar Palatasının Maliyyə və Texniki Təminat İdarəsinin sabiq rəisi Vəli Rəhimov, maliyyəçi-mühasib Gövhər Əhmədova və mühasib Fəridə Novruzovanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən yekun iclasda müdafiə tərəfinin çıxışları başa çatdıqdan sonra təqsirləndirilən şəxslərə son söz verilib.

Təqsirləndirilənlər son çıxışlarında bir-birilərini ittiham edərək məhkəmə zalında gərginlik yaradıblar.
Hakimlər kollegiyası hökm çıxarmaq üçün müşavirəyə yollansa da, qayıtdıqdan sonra gözlənilməz qərar elan edib. Belə ki, hökmün açıqlanması təxirə salınıb. Buna səbəb kimi Auditorlar Palatasının son 3-4 il üzrə maliyyə hesabatları ilə bağlı əlavə sorğunun göndərilməsinə zərurət yarandığı göstərilib.

Növbəti məhkəmə iclası iyulun 6-na təyin olunub.

Qeyd edək ki, Auditorlar Palatasının Maliyyə Təminatı və Xarici Əlaqələr İdarəsinin sabiq rəisi Vəli Rəhimov, həmin idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və Təşkilati-Texniki Təminat İdarəsinin mühasibi Fəridə Novruzova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.

Cinayət işi üzrə zərərçəkmiş qismində Azərbaycan Respublikası Auditorlar Palatası tanınıb.

İttihama əsasən, 2018-ci ildən etibarən maliyyə hesablamaları, mühasibat uçotu, sığorta və vergi ödənişləri, eləcə də mal-materialların siyahıya alınması zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə edilib. Bildirilir ki, ödəniş cədvəllərində və illik hesabatlarda qohumların xəbəri olmadan onların adına “Azərbaycan Beynəlxalq Bankı”nda kart hesabları açılıb və həmin hesablara vəsait köçürülüb. Daha sonra bu kartlara köçürülən ümumilikdə 717 min 311 manat məbləğin nağdlaşdırılaraq mənimsənildiyi iddia olunur.