Xəqani bağında nalayiq ifadələr səsləndirən şəxs həbs edildi
Bakının Səbail rayonunda küçədə qeyri-etik ifadələr səsləndirən şəxs həbs edilib.
Canlixeber.com xəbər verir ki, Salyan rayon sakini, 1982-ci il təvəllüdlü Adil Vəliyev (ad-soyad şərti verilib – red.) Səbail rayonu ərazisində yerləşən Xəqani bağında ictimai qaydanı pozaraq nalayiq ifadələr səsləndirib.
İstintaq sənədlərinə görə, polis əməkdaşları bununla bağlı onu polis bölməsinə dəvət edib. Amma o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb.
Vəliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 (xırda xuliqanlıq) və 535.1-ci (Polisin qanuni tələblərinə tabe olmama) maddələri ilə inzibati protokol tərtib edilib.
İş üzrə izahat verən Vəliyev bildirib ki, qalmağa evi olmadığı üçün əksər vaxtlarda küçələrdə yatır. Onun sözlərinə görə, qeyd edilən hadisə onun spirtli içkinin təsirində olduğu üçün yaranıb. O, əməlindən peşman olduğunu bildirib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə Vəliyev 1 ay müddətinə həbs edilib.
