Voleybol oyununa görə “Turan Tovuz” – “İmişli” matçının keçirilmə yeri dəyişdirilib
1 min read

Voleybol oyununa görə “Turan Tovuz” – “İmişli” matçının keçirilmə yeri dəyişdirilib

Oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində qadın voleybolçular arasında Çempionlar Liqası çərçivəsində “Turan” – “Mladost” (Xorvatiya) qarşılaşmasının keçirilməsi ilə əlaqədar “Turan Tovuz” futbol klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

Canlixeber.com xəbər verir ki, bu barədə PFL-dən məlumat verilib.

Klub müraciətində Misli Premyer Liqasının VIII turunda, oktyabrın 18-də keçirilməsi nəzərdə tutulan “Turan Tovuz” – “İmişli” qarşılaşması ilə XVIII turda baş tutacaq “İmişli” – “Turan Tovuz” matçının məkanlarının dəyişdirilməsini xahiş edib.

PFL “Turan Tovuz” klubunun müraciətini və “İmişli”nin razılıq məktubunu nəzərə alaraq, ölkədə keçiriləcək Çempionlar Liqası qarşılaşmasının daha yaxşı təşkil olunması məqsədilə komandalar arasında I və II dövrələrdə keçiriləcək oyunların yerini dəyişib.

Beləliklə, Misli Premyer Liqasının VIII turunun “Turan Tovuz” – “İmişli” oyunu oktyabrın 18-də, saat 15:00-da Yevlax şəhər stadionunda keçiriləcək.