Səhər saatlarında Tovuzda dəhşətli hadisə: İki meyit tapıldı
Tovuz rayonunda Xatınlı avtomobil yolununun kənarında yerləşən su kanalında tapılan iki kişi meyiti aidiyyəti üzrə təhvil verilib.
Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
“Nazirliyin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Xatınlı kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb ediliblər. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən VAZ markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi və avtomobilin idarəetmədən çıxaraq su kanalına düşdüyü müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü Səid Sakit oğlu Həziyevin meyiti və qəza nəticəsində su kanalına düşən vətəndaş, 1987-ci il təvəllüdlü Arzu Şahmar oğlu Musayevin meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır”, – deyə məlumatda bildirilir.
