Sabah bəzi sürücülər imtahana cəlb olunacaqlar
2 mins read

Sabah bəzi sürücülər imtahana cəlb olunacaqlar

Noyabrın 3-ü Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avtomobil ilə beynəlxalq sərnişin və yükdaşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri, beynəlxalq yükdaşımalarını həyata keçirən sürücülər, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yükdaşımalarını yerinə yetirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahanlar təşkil olunacaq.

Oxu.Az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanlarda iştirak etmək üçün ümumilikdə 313 (beynəlxalq yükdaşıma – 105, operatorların məsul şəxsləri – 15, ölkədaxili sərnişindaşıma – 67, ölkədaxili yükdaşıma – 126) nəfər qeydiyyatdan keçib:

“İmtahanın keçirilməsi üçün 4 imtahan rəhbəri, 21 nəzarətçi və 3 buraxılış rejimi əməkdaşı ayrılıb.

Avtomobil ilə beynəlxalq sərnişin və yükdaşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin imtahanı DİM-in elektron imtahanlar korpusunda keçiriləcək.

Beynəlxalq yükdaşımalarını həyata keçirən sürücülərin imtahanı isə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda və Naxçıvan şəhəri, 4 saylı orta məktəbdə, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yükdaşımalarını yerinə yetirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi imtahanları DİM-in elektron imtahanlar korpusunda (Bakı ş.,Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə keçiriləcək.

İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.