Psixoloq: Məktəbdə özünə dost tapa bilməyən uşaq təcrid olunmuş hiss edir:
Məktəb uşağın yalnız bilik və bacarıqlar qazandığı deyil, eyni zamanda sosial münasibətlər qurmağı öyrəndiyi mühüm mühitlərdən biridir. Bu səbəbdən sinif yoldaşları tərəfindən qəbul edilməmək və dostluq münasibətləri qura bilməmək uşağın məktəb həyatına münasibətinə təsirsiz ötüşmür. Belə vəziyyətlə üzləşən uşaqlarda ünsiyyətdən uzaqlaşma, özünəqapanma, dərsə marağın azalması və davranış dəyişiklikləri müşahidə oluna bilər.
Mövzu ilə bağlı Canlixeber.com-a danışan psixoloq Nuriyyə Quliyeva bildirib ki, insan sosial varlıqdır, ünsiyyət bizim tələbatlarımızdan biridir:
“Elə insanlar var ki, içə qapanıqdır, yəni introvertdir, elələri var ki, çox ünsiyyətcildir, yəni ekstrovertdir. İntrovertlər daxili daxili aləmlərinə daha çox yönəlmiş olurlar, onların çox çevrələri olmur. Ekstrovertlər isə əksinə, çox ünsiyyətcildirlər, hər yerdə özlərinə həmsöhbət tapırlar. Amma introvert yaxud ekstrovert olmağımıza baxmayaraq ünsiyyət bizim tələbatlarımızdan biridir. Xüsusən də müəyyən yaş qruplarında yaşıdlarımızla ünsiyyət çox vacibdir. Xüsusən yeniyetməlik dövründə həmyaşıdlarla ünsiyyət çox vacib rol oynayır”.
Psixoloq qeyd edib ki, daha aşağı yaşlarda valideynlər və müəllimlərlə ünsiyyət kifayət edirdisə, yeniyetməlik dövründə vəziyyət dəyişir:
“Uşaqlar valideynlərindən çox sinif yoldaşları, yaşıdları ilə söhbətə daha çox meyilli olurlar. Onlar düşünürlər ki, yaşıdları onları daha yaxşı başa düşür. Bəlkə də düşünürlər ki, valideynləri onları anlamır. Ona görə də öz yaşıdlarına üz tuturlar. Maraqları, fikirləri, istəkləri bir-birinə daha çox uyğun gəldiyi üçün uşaqlar bu addımı atırlar”.
N.Quliyeva bildirib ki, belə olan halda özünə dost tapa bilməyən uşaq tək qalmış, təcrid olunmuş hiss edir:
“Uşaq özündə hərhansı əskik tərəfin olduğunu düşünür, öz güvəni aşağı düşür. Təbii ki, özünə qapanan, ünsiyyət qurmayan uşaqlarda daha çox problemlərə rast gəlirik. Bir problemi həll etməyin yolu ifadə etməkdən keçir. Emosiyalarını, hisslərini, düşüncələrini bölüşməyən, ifadə edə bilməyən uşaqda problemlər daha da mürəkkəb hal alır”.
