İnfluencer əməkdaşlıqları hər brend üçün uyğundurmu?
2 mins read

İnfluencer əməkdaşlıqları hər brend üçün uyğundurmu?

Sosial medianın gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi brendlərin reklam və marketinq strategiyalarını da əhəmiyyətli dərəcədə dəyişib. Bu gün bir çox şirkət məhsul və xidmətlərini daha geniş auditoriyaya çatdırmaq üçün influencerlərlə əməkdaşlığa üstünlük verir. Lakin bu yanaşmanın hər brend üçün eyni dərəcədə uğurlu olub-olmaması müzakirə mövzusudur. Çünki düzgün seçilməyən influencer, hədəf auditoriyaya uyğun olmayan əməkdaşlıq və ya qeyri-səmimi reklam kampaniyası brendin imicinə müsbət təsirdən çox zərər verə bilər.

Canlixeber.com mövzu ilə bağlı PR mütəxəssisi Züleyxa Ağaməliyeva ilə həmsöhbət olub.


Onun sözlərinə görə, influencer marketinqi son illərdə PR strategiyalarının vacib elementlərindən birinə çevrilsə də, onun hər brend üçün eyni dərəcədə effektiv olduğunu söyləmək düzgün olmaz:


“Əsas məsələ izləyici sayı deyil, influencerin auditoriyası ilə brendin hədəf auditoriyasının üst-üstə düşməsidir. Məsələn, kosmetologiya və ya saç əkimi sahəsində fəaliyyət göstərən bir klinika sağlamlıq, gözəllik və həyat tərzi mövzularında etibarlı kontent hazırlayan influencerlə əməkdaşlıq etdikdə daha uğurlu nəticə əldə edə bilər. Əksinə, yalnız yüksək izləyici sayına görə seçilən, lakin həmin sahə ilə əlaqəsi olmayan şəxslərlə əməkdaşlıq gözlənilən effekti verməyə bilər.

“Bundan əlavə, son dövrlərdə mikroinfluencerlərə maraq artıb. Onların auditoriyası daha kiçik olsa da, izləyicilərlə qurduqları yaxın münasibət və yüksək etibar səviyyəsi əməkdaşlığın nəticələrinə müsbət təsir göstərir”- mütəxəssis qeyd edib.