Hansı platformalar hazırda daha effektiv hesab olunur?
“Platformanın effektivliyi ilk növbədə brendin fəaliyyət sahəsindən və hədəf auditoriyasından asılıdır”.
Bu barədə Canlixeber.com-a açıqlamasında PR mütəxəssisi Züleyxa Ağaməliyeva bildirib. Onun sözlərinə görə, buna baxmayaraq hazırda ən aktiv və nəticəyönümlü platformalardan biri Instagram olaraq qalır:
“Xüsusilə Reels formatı brendlərə geniş auditoriyaya çatmaq və üzvi baxış sayı əldə etmək imkanı yaradır.
TikTok isə kreativ və qısa videolar vasitəsilə xüsusilə gənc auditoriyaya çıxış üçün effektiv platformadır. Burada orijinal və faydalı məzmun hazırlayan brendlər qısa müddətdə böyük izləyici kütləsi qazana bilirlər”.
Z.Ağaməliyeva qeyd edib ki, LinkedIn daha çox korporativ kommunikasiya, B2B əlaqələri, peşəkar imicin formalaşdırılması və işgüzar şəbəkələşmə baxımından əhəmiyyətlidir:
“Facebook bəzi sahələrdə əvvəlki təsirini itirsə də, müəyyən yaş qrupları və regional auditoriyalar üçün hələ də aktual platformalardan biridir.
Hesab edirəm ki, müasir dövrdə əsas məsələ hansı platformada olmaq deyil, hər platformanın xüsusiyyətlərinə uyğun kommunikasiya strategiyası qurmaqdır. Eyni məzmunu bütün platformalarda paylaşmaq əvəzinə, auditoriyanın davranışına və platformanın alqoritminə uyğun fərqli yanaşma tətbiq edən brendlər daha uğurlu nəticələr əldə edirlər”.
