Ermənistanda 36 nəfər barəsində cinayət işi açılıb
2 mins read

Ermənistanda 36 nəfər barəsində cinayət işi açılıb

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 nəfər barəsində cinayət işləri başladıb.

Canlixeber.com Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, “Ermənistanın Elektrik şəbəkələri” şirkətinə vurulduğu bildirilən ziyanın məbləği 64,5 milyard dram (təxminən 180 milyon ABŞ dolları) təşkil edir.

Bundan başqa, şirkətin İdarə Heyətinin üzvü Vardan Makaryan saxlanılıb. O, əvvəllər Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Administrasiyasının rəhbəri vəzifəsində çalışıb, həmçinin Armen Sarkisyanın prezidentliyi dövründə Administrasiyanın rəhbərinin səlahiyyətlərini icra edib.

Məlumata əsasən, Makaryan Samvel və Narek Karapetyanların, eləcə də onlarla əlaqəli şəxslərin evlərində keçirilən axtarışlar zamanı saxlanılıb.

Qeyd edək ki, noyabrın 4-də Ermənistan İstintaq Komitəsi iqtisadi cinayətlər və qaçaqmalçılıqla bağlı araşdırılan cinayət işi çərçivəsində ölkənin 65 ünvanında eyni vaxtda axtarışlar aparıldığını açıqlayıb.

Axtarışlar “Güclü Ermənistan” müxalifət partiyasının lideri, “Taşir Group” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın və onun qardaşı oğlu, parlament fraksiyasının rəhbəri Narek Karapetyanın evlərində də keçirilib.

Ermənistan İstintaq Komitəsi axtarışların iqtisadi cinayətlər və qaçaqmalçılıq üzrə araşdırılan cinayət işi çərçivəsində aparıldığını bildirib.