Edama məhkum edilmiş azərbaycanlı alimlə bağlı açıqlama
İranda edam cəzasına məhkum edilmiş güney azərbaycanlı-isveçli tədqiqatçı Əhmədrza Cəlalinin azad olunması istiqamətində səylər davam etdirilir.
Canlixeber.comxəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd edilib ki, rəsmi Stokholm İran hakimiyyətini alimi dərhal azad etməyə çağırmaqda israrlıdır.
Nazirlik əlavə edib ki, işin həssaslığı nəzərə alınaraq həyata keçirilən diplomatik fəaliyyətlə bağlı əlavə təfərrüatlar açıqlanmır.
İsveç XİN həmçinin vurğulayıb ki, vətəndaşlara İrandan çıxmaq tövsiyəsi qüvvədə qalır: “Yanvarın 12-dən etibarən bütün İsveç vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub və 2022-ci ildən qüvvədə olan İrana hər cür səfərdən çəkinmək tövsiyəsi də dəyişməz qalır”.
Nazirlik regionda baş verən son hadisələrə toxunaraq bəyan edib ki, İran heç vaxt nüvə silahına sahib olmamalı və regionun, eləcə də Qərb ölkələrinin təhlükəsizliyini təhdid etməməlidir.
Qeyd edək ki, Əhmədrza Cəlali 2016-cı il aprelin 24-dən həbsdədir. Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabrında onu “İsrail kəşfiyyatına casusluq” ittihamı ilə edama məhkum edib.
Cəlali Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdiyi zaman saxlanılıb. Azərbaycanlı alim dəfələrlə həbsdə ona olan təzyiqlərə görə aclıq aksiyası keçirib.
