Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb – FAKTİKİ HAVA
1 min read

Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb – FAKTİKİ HAVA

Avqustun 30-u saat 10:00-a olan faktiki hava açıqlanıb.

Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 30-u saat 10:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntı qısamüddətli və leysan xarakterli olub.

Düşən yağıntının miqdarı Ağstafada 7 mm, Daşkəsən, Gəncə, Tovuz, Şəmkir, Ceyrançöl, Zaqatala və Göyçayda isə 1 mm-dək qeydə alınıb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 17 m/s, Culfa və Neftçalada 20 m/s, Naftalan, Tərtər və Naxçıvanda isə 16 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan Muxtar Respublikasında 35, Aran rayonlarında 36, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti olub.