Bakıda kişi ona “keçəl” deyən bacısını döydü
6 mins read

Bakıda kişi ona “keçəl” deyən bacısını döydü

Bakının Yasamal rayonunda 50 yaşlı kişi ögey bacısına xəsarət yetirib.

Canlixeber.com Demokrat.az-a istinadən xəbər verir ki, hadisə S.Dadaşov küçəsində baş verib. 1976-cı il təvəllüdlü Tacəddin yaşadıqları evin həyətyanı sahəsində nalayiq ifadələr işlətməsi səbəbindən ögey bacısı Aygünlə (adlar şərtidir – red.) mübahisə edib. Aralarında yaranmış münaqişə zamanı o, Aygünün sol ayağına iki dəfə təpiklə zərbə endirərək ona xəsarət yetirib.

Bakıda kişi ona keçəl deyən bacısını döydü

Tacəddinə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərərvurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Tacəddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində hadisə baş verən gün, saat 18:50-də uşaqlarını məktəbdən gətirdikdən sonra onlarla birlikdə evə daxil olduğunu bildirib:

“Daha sonra həmin vaxt azan verildiyi üçün həyətdəki ayaqyoluna getdim ki, dəstəmaz alım. Ayaqyolunda olduğum zaman bayırdan səs gəldiyini eşitdim, amma əvvəlcə fikir vermədim. Sonra bir nəfərin – “Çıxanda başını əzəcəyəm”, – dediyini eşitdim. Elə bildim ki, ögey bacım Təhminə bu sözləri qız nəvəsi haqqında deyir. Sonradan bayıra çıxanda gördüm ki, pəncərənin qarşısında dayanaraq mənim istiqamətimdə əl hərəkətləri edir. Yenə də elə başa düşdüm ki, nəvəsini çağırır. Getmək istəyəndə Təhminə barəmdə “keçəl” sözünü deyərək üstümə cumub boğazımdan tutdu. Belə olan halda Təhminəni kənara itələyərək – “Geri çəkil”, – dedim və bundan sonra getdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra dəstəmaz almaq məqsədilə həyətdəki hamam otağına daxil olub:

“Birdən uşaqlarımın səsini eşitdim. Çölə çıxanda gördüm ki, qızımın saçından tutaraq dartırlar. Dərhal onların yanına getdim və uşaqlarımı əllərindən aldım. Bu zaman digər ögey bacım Aygünün əlində boruya bənzər bir əşya var idi. O, həmin əşya ilə məni vurmağa başladı. Mən uşaqlarımı onların əlindən alaraq otağa saldım və qapını bağladım. Onlar getdikdən sonra qızım Lamiyəni də götürərək polis bölməsinə şikayət etmək üçün getdim”.

Təqsirləndirilən şəxs bildirib ki, hadisəni oğlu Samir mobil telefonla lentə alıb və videoçəkiliş mövcuddur:

“Hətta Aygün oğlumun əlindəki telefonu vuraraq yerə salıb. Mən polis bölməsində olarkən ora Aygün tərəfindən müraciət daxil olduğunu gördüm. Həmin şikayətdə Təhminənin mənim tərəfimdən deyil, qızım tərəfindən ayağının sındırıldığı barədə məlumat verilib. Onun şikayətinə görə, Aygün mənim tərəfimdən deyil, Lamiyə tərəfindən döyülüb. Bildirirəm ki, nə mən, nə də uşaqlarım onu vurmayıb. Əksinə, o mənim uşaqlarımı vurub. Bacılarım mənə qarşı qərəzlidirlər, bundan əvvəl də mənə böhtan atıblar”.

İş üzrə zərərçəkmiş Aygün ifadəsində göstərib ki, Tacəddin onun ögey qardaşıdır. O, uşaqlıqdan Tacəddinə baxdığını və onu özü saxladığını bildirib. Aygün hadisəni belə təsvir edib:

“Mən bayıra çıxanda gördüm ki, Tacəddin bacım Təhminəni saçından tutub, yumruq və təpiklə vurur. Mən onları ayırmaq istədim. Mübahisə mən gəlməmişdən əvvəl baş verdiyi üçün nəyin üstündə olduğunu bilmirdim. Onu sakitləşdirmək istədim. Dedim ki, ayıbdır, sənə nə olub? Bundan sonra Tacəddini itələyə-itələyə kənara apardım. Bu zaman Tacəddin mənimlə mübahisə etməyə başladı. Həmin vaxt orada Tacəddin, mən və bacım Təhminə idi. Tacəddini ayırmağa çalışanda daha da qızışdı. Ayağıma təpiklə vurdu, qızı Lamiyə isə gəlib saçımı yoldu. Bundan sonra digər bacılarım bizi ayırmağa gəldilər”.

Zərərçəkmiş deyib ki, hadisə zamanı qardaşı Tacəddin onu döyüb. Onun sözlərinə görə, qardaşı onu öldürmək istəyib və bunu ev üstündə edir. Aygün qardaşının onu öldürərək evə yiyələnmək istədiyini iddia edib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin təqsiri sübuta yetirilməyib və Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, ona bəraət verilib.