Bakıda iki avtobus toqquşdu, 22 nəfər xəsarət aldı
Bakının Xəzər rayonu Binə qəsəbəsində 160 nömrəli xətt üzrə hərəkət edən “İSUZU” markalı avtobusla qəsəbə ərazində “Hyundai” markalı avtobus toqquşub.
Canlixeber.com xəbər verir ki, TƏBİB-dən qəza nəticəsində 13 nəfər (7 kişi, 6 qadın) Sabunçu Tibb Mərkəzinə, 9 kişi isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunduğu bildirilib.
Kliniki Tibbi Mərkəzə təxliyə olunan şəxslərə bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Sabunçu Tibb Mərkəzində yaralılara başın, bədənin, ətrafların travmaları və sınıqları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti orta ağır qiymətləndirilən 1972-ci il təvəllüdlü qadının müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Digər 12 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən hər biri ambulator müalicə üçün evə buraxılıb.
