Bəzən fermerlərə ayrılan subsidiyalar onların xərclərini tam kompensasiya etmir- Ekspert
3 mins read

Bəzən fermerlərə ayrılan subsidiyalar onların xərclərini tam kompensasiya etmir- Ekspert

İstehsal xərclərinin artması fermerlərin fəaliyyətinə təsir edən əsas amillərdən biridir. Əsasən toxum, gübrə, yanacaq, pestisid və digər istehsal vasitələrinin qiyməti artdıqca məhsulun maya dəyəri də artmış olur. Bu isə fermerin əldə etdiyi gəlirin azalmasına və məhsulun əkininə olan marağın azalmasına səbəb olur.

Mövzu ilə bağlı Canlixeber.com-a danışan kənd təsərrüfatı üzrə ekspert Arif Nuriyev bildirib ki, toxum qiymətlərindəki artım ilk növbədə əkinə başlamaq üçün tələb olunan maliyyə vəsaitini artırmış olur:
“Fermer yüksək keyfiyyətli və sertifikatlı toxum səpmək istəyirsə, bunun üçün daha çox maliyyəyə ehtiyac duyur. Halbuki keyfiyyətsiz toxumdan istifadə etmək gələcək məhsuldarlığa, məhsulun keyfiyyətinə mənfi təsir göstərə bilər”.

A.Nuriyev qeyd edib ki, gübrə qiymətlərinin bahalaşması da ciddi problemlərə yol aça bilir:

“Torpağın münbitliyinin qorunması, yüksək məhsuldarlığın təmin edilməsi üçün gübrədən düzgün istifadə edilməlidir. Ancaq gübrə qiymətlərinin yüksək olması bəzi fermerləri keyfiyyətli gübrə yerinə daha ucuz alternativlərə yönəlməyə məcbur edir. Bu isə torpağın məhsuldarlığına və əldə olunan məhsulun həcminə təsir göstərir”.

Müsahibimiz vurğulayıb ki, digər mühüm xərc isə yanacaqdır:


“Əkin, şumlama, səpin, suvarma, biçin və məhsulun daşınması kimi proseslərdə yanacaq sərfiyyatı nəzərə alınmalı əsas amillərdəndir. Bu səbəbdən də yanacaq qiymətindəki dəyişiklik kənd təsərrüfatı məhsulunun maya dəyərinə təsirsiz ötüşmür.

“Qeyd etməliyik ki, ölkəmizdə dövlət tərəfindən müxtəlif mexanizmlərlə fermerlərin istehsal xərclərinin kompensasiya olunması üçün dəstək tədbirləri tətbiq edilir. Bugünkü subsidiya mexanizmlərində gübrə, sertifikatlı toxum, ting və pestisid kimi istehsal vasitələrinin alınmasına dəstək göstərilməsi həyata keçirilir. Bu yolla fermerin üzərinə düşən maliyyə yükü müəyyən qədər azaldılır. Bununla belə burada əsas məsələ yalnız subsidiyanın olması ilə yekunlaşmır, onun fermerin real xərclərinə nə dərəcədə uyğun olması da əhəmiyyət kəsb edir. Əgər istehsal vasitələri bahalaşırsa, həyata keçirilən dəstək mexanizmi fermerlərin artan xərclərini tam qarşılamaya bilər. Bu səbəbdən də subsidiyaların hesablanması zamanı bazardakı qiymət dəyişiklikləri də nəzərə alınmalıdır”-ekspert qeyd edib.

ö