“Gənclərin milli ədəbiyyatımıza marağının azaldığını düşünmürəm” – İbrahim İlyaslı ilə müsahibə
8 mins read

“Gənclərin milli ədəbiyyatımıza marağının azaldığını düşünmürəm” – İbrahim İlyaslı ilə müsahibə

Kitab oxumaq cəmiyyətin intellektual inkişafının əsas göstəricilərindən biri hesab olunsa da, son illər gənclərin, xüsusilə də müasir Azərbaycan ədəbiyyatına marağının azalması ilə bağlı fikirlər daha tez-tez səsləndirilir. Rəqəmsal texnologiyaların sürətli inkişafı, sosial şəbəkələrin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi, dəyişən oxu vərdişləri və asudə vaxtın fərqli şəkildə keçirilməsi bu tendensiyanın əsas səbəbləri kimi göstərilir. Bununla yanaşı, müasir ədəbiyyatın gənclərə təqdimat forması, təbliği və məktəblərdə oxu mədəniyyətinin formalaşdırılması məsələləri də müzakirə mövzusudur.

Bəs gənclər niyə müasir ədəbiyyatdan uzaqlaşırlar? Onların marağını yenidən kitablara yönəltmək üçün hansı addımlar atılmalıdır?


Canlixeber.com olaraq suallara aydınlıq gətirmək üçün mövzu ilə bağlı tanınmış şair, Azərbaycan Yazıçılar Birliyi poeziya bölməsinin rəhbəri, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun direktoru İbrahim İlyaslı ilə həmsöhbət olduq.


İbrahim müəllim, sizcə, son illərdə gənclərin müasir Azərbaycan ədəbiyyatına marağının azalmasının əsas səbəbləri nələrdir?


-Gənclərin milli ədəbiyyatımıza marağının azaldığını düşünmürəm. Sadəcə, kütləvilik aradan qalxıb. Azərbaycan müstəqillik qazanandan sonra dünyaya daha çox inteqrasiya etmişik və gənclərdə düşüncə müxtəlifliyi yaranıb, onların baxış açıları daha geniş bir şəkil alıb. Mütaliə seçimi üçün çeşidlər də çoxalıb. Hər kəs zövqünə uyğun ədəbiyyat oxuyur.

Sizcə, gənclər ümumiyyətlə kitabdan uzaqlaşıb, yoxsa sadəcə müasir yerli müəllifləri oxumurlar?


-Virtual meydan genişləndikcə kitabların nəşr və yayım formaları da artıb. Gənclər daha çox, elektron və audiokitabları tərcih edirlər. Bu da dövrün tələbidir. İstedadlı, imzasını təsdiq etmiş yerli müəlliflərin də oxucuları yox deyil. İmza günlərində, kitab təqdimatlarında, eləcə də sosial şəbəklərdə bunun şahidi oluram.


Necə düşünürsünüz, müasir Azərbaycan yazıçıları gənclərin maraq dairəsinə uyğun əsərlər yaza bilirlərmi?


-Əlbəttə, yazırlar. Sadəcə, bizdə “yazıçı-naşir-yayımçı” üçbucağının tamamlanması, kitabın reklam olunması, təbliğatı problemi var. Başqa sənətçilərin prodüsserləri bu işlə məşğul olurlar və uğurlu nəticələr də əldə edə bilirlər. Bədii ədəbiyyat üçün menecer və marketinq institutumuz yox dərəcəsindədir. Bazar iqtisadiyyatı ilə yaşadığımız bir zamanda gənc yazarlar da əsərlərinin satışından para qazanmalı, nəşriyyatlar onlara qonorar verməlidir. Keyfiyyətli əsərlər ortaya qoymaq üçün stimul, motivasiya lazımdır.
Bəs məktəblərdə və universitetlərdə tədris olunan ədəbiyyat proqramı gənclərdə mütaliə sevgisinin formalaşmasına kifayət edirmi?
-Düzü, tədris prosesi ilə yaxından tanış deyiləm. Amma mütəxəssislərin bu sarıdan tənqid, irad və gileylərini izləyirəm. Mənə elə gəlir, tədris ocaqlarına yazıçıların yolu açıq olmalıdır. Ən azından, əsərləri tədris edilən yazıçılar onları tədris edən müəllimlərlə vaxtaşırı ünsiyyətdə olmalı, şagird və tələbələrin rəy və təkliflərini dinləməli, onların suallarını cavablandırmalıdır. Tədris proqramları tərtib edilərkən ədəbi ictimaiyyətin tanınmış imzalarının da rəyləri nəzərə alınmalıdır.


Sosial şəbəkələrin, qısa videoların və rəqəmsal platformaların kitab oxuma vərdişinə təsiri barədə nə düşünürsünüz?
-Birmənalı şəkildə təsiri var. Oxucular həm maddi cəhətdən, həm də vaxt qazanmaq baxımından mütaliə üçün rəqəmsal platformalara üstünlük verə bilərlər. Bütün dünyada bu rəqabət gedir. Amma, kitabın öz yeri var, əlbəttə.


Sizcə gənclər daha çox xarici müəlliflərə üstünlük verirlər. Bunun səbəbi nədir?
-Mən bilmirəm, bunu hansı statistik göstəriciyə əsaslanıb deyirsiniz. Lap elə tutaq ki, siz deyən kimidir. Ola bilsin ki, həmin ədəbiyyatların təbliğatı, reklamı daha güclüdür. Yenə də çox ciddi problem deyil bu. Təki, gənclərimiz kitab oxusunlar.


Nəşriyyatlar və kitab mağazaları gəncləri kitaba cəlb etmək üçün hansı addımları ata bilərlər?
-Azərbaycan nəşriyyatları ANAİB-in(Azərbaycan Nəşriyyatları Assosasiyaı İctimai Birliyi) timsalında bu cür cəhdlər edilir. Bakıda və bölgələrdə kitab yarmarkaları təşkil edirlər. Kitab mağazalarımızın isə bu yöndə çalışmaları çox zəifdir. Görünür, bunun da obyektiv və subyektiv səbəbləri var. Bunu həmin sahənin mütəxəssisləri daha yaxı bilərlər. Sumqayıtda, sahibi yazar dostumuz Xan Rəsuloğlu olan “Xan Xəzinəsi” bu mənada bütün kitab dükanlarına örnək ola bilər.
Elektron kitablar və audiokitablar gənclərin mütaliəyə marağını artırmaq baxımından nə dərəcədə effektivdir?
-Təbii ki, bu mütaliəyə marağı artırmaqda effektli ola bilər. Amma çap məhsulu olan kitabla rəqabətdə hansı üstün olacaq, bunu gələck göstərər.


Ailə mühitinin kitab oxuma vərdişinin formalaşmasında rolu nə qədər önəmlidir?
-Birmənalı şəkildə önəmlidir. Valideynləri kitab oxuyan, ciddi kitabxanası olan evdə böyüyən uşaqlarda kitab oxuma vərdişi daha erkən yaranır.


Bir şair olaraq, gənclərə oxumaq üçün ilk növbədə hansı əsərləri tövsiyə edərdiniz və niyə?


-Gənclər indi tövsiyyə ilə yox, öz maraq dairələrinə uyğun kitablar oxuyurlar. Hər halda mən istəyərdim ki, gənclərimiz ciddi ədəbiyyat oxusunlar. Həm bədii, həm məzmun, həm də estetik cəhətdən özünü təsdiq etmiş və ya təsdiq etməyə layiq olan əsərlər oxusunlar. Bizim özümüzdə əcnəbi yazıçılarla rəqabət aparacaq yazarların da olduğunu unutmasınlar. Doğma ana dilində yazılmış, milli dəyərləri ehtiva edən bir əsər oxumağın ayrı ləzzəti var. Bu, gənclərimizin həm də ana dilinin zənginliklərinə və fərqli çalarlarına daha yaxşı yiyələnmələrinə vəsilə olar. Gənclərimiz Türk dünyasının, ümumən, dünyada qəbul olunmuş ünlü yazarlarını, eləcə də yeni nəsil istedadlı yazarları oxumaqla həm də Turana açılan qapılarımızı genişləndirmiş olarlar.