Çempionlar Liqası: “Sabah”ın pley-offdakı potensial rəqibi bu gün müəyyənləşəcək
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Canlixeber.com xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimində Azərbaycan çempionu “Sabah” da potensial rəqibini öyrənəcək.
Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Valdas Dambrauskasın rəhbərlik etdiyi paytaxt təmsilçisi ilk təsnifat mərhələsində Uelsin TNS klubunu hər iki oyunda məğlub edib (2:0, 2:1). “Bayquşlar” ikinci mərhələdə Finlandiya çempionu KuPS-u da mübarizədən kənarlaşdırıb (1:0, 2:0).
“Sabah” hazırda üçüncü təsnifat mərhələsində Danimarka təmsilçisi “Orhus”la üz-üzə gələcək. Komanda bu rəqibi keçəcəyi halda, pley-off mərhələsində qarşılaşacağı komandanı bugünkü püşkatmada tanıyacaq.
Qeyd edək ki, pley-off mərhələsinin qalibləri UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanacaq. Məğlub komandalar isə mübarizəni UEFA Avropa Liqasının liqa mərhələsində davam etdirəcəklər.
Pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26-da keçiriləcək.
