Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (ikinci cəhd) keçirəcək. Bu gün, həmçinin III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə imtahan (ikinci cəhd) təşkil ediləcək.
Canlixeber.com xəbər verir ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Quba və Xaçmazda təşkil olunacaq.
İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.
İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 153 imtahan binası, 2658 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 153 ümumi imtahan rəhbəri, 429 imtahan rəhbəri, 3 304 nəzarətçi, 482 buraxılış rejimi əməkdaşı, 153 bina nümayəndəsi cəlb olunub.
Bugünkü imtahanda I ixtisas qrupu üzrə 24 min 997, IV ixtisas qrupu üzrə 5 302, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahanda isə 6057 nəfər olmaqla, ümumilikdə 36 min 356 abituriyentin iştirakı nəzərdə tutulur.
