Sosial media PR strategiyasını necə dəyişib?
Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə sosial media ictimaiyyətlə əlaqələr (PR) strategiyalarının ayrılmaz hissəsinə çevrilib. Brendlər, dövlət qurumları və müxtəlif təşkilatlar hədəf auditoriyası ilə birbaşa ünsiyyət qurmaq, etibar formalaşdırmaq və nüfuzlarını gücləndirmək üçün sosial media platformalarından geniş istifadə edirlər. Bununla yanaşı, məlumatın sürətlə yayılması həm yeni imkanlar yaradır, həm də böhran kommunikasiyası baxımından əlavə məsuliyyət tələb edir. Bəs sosial media PR strategiyalarını necə dəyişib və uğurlu kommunikasiya üçün hansı amillər həlledici rol oynayır?
Mövzu ilə bağlı Canlixeber.com-a danışan mütəxəssis Züleyxa Ağaməliyeva bildirib ki, sosial media PR sahəsində ən böyük dəyişikliklərdən birini yaradıb:
“Əvvəllər ictimaiyyətlə əlaqələr əsasən televiziya, radio, qəzet və xəbər saytları üzərindən qurulurdusa, bu gün brendlər auditoriya ilə birbaşa ünsiyyət imkanı əldə ediblər. Artıq məlumatın yayılması üçün yalnız media vasitəçiliyinə ehtiyac yoxdur. Şirkətlər öz sosial media hesabları vasitəsilə xəbərlərini paylaşır, ictimai rəyi izləyir və operativ şəkildə reaksiya verə bilirlər”.
Mütəxəssis qeyd edib ki, bununla yanaşı, sosial media PR-ı daha şəffaf edib:
“İstifadəçilər öz fikirlərini açıq şəkildə bildirir, müsbət və ya mənfi rəylər qısa müddətdə geniş auditoriyaya yayılır. Bu isə brendlərdən daha məsuliyyətli kommunikasiya, çevik qərarlar və düzgün böhran idarəçiliyi tələb edir. Müasir PR artıq yalnız məlumat yaymaq deyil, auditoriya ilə qarşılıqlı etimada əsaslanan münasibətlər qurmaq deməkdir”.
