Azərbaycanda təhsil marketinqi: “Qeydiyyat başladı”dan daha böyük məsələ
Azərbaycanda təhsil marketinqi: “Qeydiyyat başladı”dan daha böyük məsələ
Təhsil artıq yalnız bilik və bacarıqların ötürüldüyü sahə deyil, eyni zamanda rəqabətin getdikcə artdığı bir sektora çevrilir. Universitetlər, məktəblər, kurslar və müxtəlif təhsil platformaları öz imkanlarını və üstünlüklərini cəmiyyətə daha effektiv şəkildə təqdim etməyə çalışırlar. Bu prosesdə marketinq alətlərindən istifadə təhsil müəssisələrinin tələbə və valideynlərlə kommunikasiya qurmasında mühüm rol oynayır. Lakin təhsilin marketinq predmetinə çevrilməsi yalnız reklam və tanıtımdan ibarət deyil; burada təhsil müəssisəsinin imici, təqdim etdiyi imkanlar, məzun nəticələri və ictimai etimad kimi amillər də ön plana çıxır.
Bəs təhsil marketinqi hansı prinsiplər əsasında qurulmalıdır və bu sahədə marketinq ilə real təhsil keyfiyyəti arasındakı balans necə qorunmalıdır?
Mövzu ilə bağlı Canlixeber.com-a danışan marketinq üzrə mütəxəssis Həsən Hüseynsoy bildirib ki, Azərbaycanda təhsil sektorunda marketinq haqqında danışanda söhbət çox vaxt eyni yerə gəlib çıxır:
“Reklam büdcəsi, Instagram səhifəsi, Reels, Meta Ads, endirim kampaniyası və qeydiyyat sayı. Amma 10-dan çox Azərbaycan təhsil şirkəti ilə işləyərək onların rəqəmsal (digital) və kontent marketinqi proseslərinə dəstək olmuş bir mütəxəssis kimi mənim gəldiyim nəticə bir qədər fərqlidir: təhsil şirkətlərinin marketinq problemi çox vaxt reklamın zəif olmasından əvvəl başlayır. Əsl problem çox vaxt büdcədə deyil, strategiyadadır: məhsulun yanlış qablaşdırılması, hədəf kütləsinin hədəfdən yayınması və ən əsası, “Niyə məhz biz?” sualının cavabsız qalmasıdır. Çünki təhsil digər bir çox xidmətlərdən fərqlənir. İnsan bir kurs, hazırlıq proqramı, dil təhsili və ya başqa bir təhsil xidmətini alarkən yalnız xidmət satın almır. O, öz vaxtını, pulunu və gələcək nəticəsini həmin seçimə bağlayır. Bu səbəbdən təhsil marketinqini yalnız “daha çox insana reklam göstərmək” kimi düşünmək kifayət etmir”.
Azərbaycanın rəqəmsal mühiti artıq buna imkan vermir
Mütəxəssisin sözlərinə görə, Azərbaycanda internet və sosial media istifadəsinin miqyası göstərir ki, təhsil şirkətləri üçün rəqəmsal mühit artıq əlavə kommunikasiya kanalı deyil, əsas əlaqə məkanlarından biridir:
“DataReportal-ın “Digital 2026: Azerbaijan” hesabatına görə, 2025-ci ilin sonunda Azərbaycanda 9,27 milyon internet istifadəçisi olub və internetin nüfuzetmə səviyyəsi 89 faiz təşkil edib. Eyni dövrdə 7,61 milyon sosial media istifadəçi identikliyi qeydə alınıb. Meta-nın reklam alətlərində isə Instagram üçün təxminən 4,25 milyonluq potensial reklam auditoriyası göstərilib. Bu rəqəmlər platformaların aylıq aktiv istifadəçi sayını tam əks etdirmir, amma rəqəmsal mühitin miqyasını göstərmək üçün kifayət qədər aydın siqnaldır.
Yəni potensial tələbə və ya onun valideyni haqqında danışanda artıq onu yalnız küçədəki banner, televiziya və ya tanış tövsiyəsi ilə təsəvvür etmək mümkün deyil. İnsan təhsil şirkətini Instagram-da görə, Google-da axtara, TikTok-da müəllimin videosuna rast gələ, veb-sayta daxil ola və daha sonra həmin şirkətin tələbələri haqqında rəyləri araşdıra bilər. Bu isə təhsil marketinqinin mahiyyətini dəyişir; marka artıq yalnız özünün dediklərindən ibarət deyil. İnsan onun haqqında internetdə gördüyü bütün siqnalları birlikdə qiymətləndirir”.
“Qeydiyyat başladı” niyə marketinq strategiyası deyil?
Müsahibimiz qeyd edib ki, Azərbaycan təhsil sektorunda tez-tez rast gəlinən kommunikasiya formalarından biri budur:
“Yeni qrupun qeydiyyatı başladı.” Ardınca tarix, qiymət, ünvan və əlaqə nömrəsi gəlir. Bu məlumatlar əlbəttə lazımdır, amma bunlar daha çox təklif haqqında məlumatdır, marketinq strategiyası deyil. Potensial tələbənin beynində isə tamam başqa suallar olur: “Bu proqram mənə nə verəcək? Nəticə necə ölçüləcək? Müəllim niyə fərqlidir? Bu şirkətə niyə inanmalıyam?”
Burada təhsil marketinqinin əsas problemi ortaya çıxır: şirkət öz haqqında danışır, amma auditoriyanın qərar verməsi üçün lazım olan informasiyanı həmişə vermir. Xarici tədqiqatlar da təhsil seçimində potensial tələbələrin sosial mediada yalnız reklam mesajlarını yox, universitetin nüfuzu, karyera perspektivləri, tədris prosesi, idarəetməsi və tələbə həyatı haqqında məlumat axtardığını göstərir. Bu yanaşmanı Azərbaycandakı kurs və təhsil mərkəzlərinə də tətbiq etmək mümkündür: insan “kurs var” məlumatından daha çox, orada onu hansı təcrübənin və nəticənin gözlədiyini anlamaq istəyir”.
Təhsil məhsulunun ən çətin tərəfi nəticənin əvvəlcədən görünməməsidir
H.Hüseynsoy vurğulayıb ki, fiziki məhsullardan fərqli olaraq, təhsil sektoru toxunula bilən bir əşya təklif etmir:
“Təhsil şirkəti insanın potensialını, xəyallarını və gələcəkdə qazanacağı həyat keyfiyyətini satır. Buna görə də biz məhsulun özünü deyil, onun yaradacağı transformasiyanı göstərməliyik. Bu səbəbdən təhsil marketinqində kontentin ən vacib funksiyalarından biri, mənim fikrimcə, vəd vermək yox, vədin sübutunu göstərməkdir. “Müəllimlərimiz peşəkardır” demək asandır, daha güclü kommunikasiya müəllimin necə dərs keçdiyini göstərməkdir. “Tələbələrimiz yüksək nəticə göstərir” demək asandır, daha güclü kommunikasiya real tələbə hekayəsini, prosesini və nəticəsini göstərməkdir. “Müasir metodlardan istifadə edirik” demək asandır, daha güclü kommunikasiya həmin metodun dərsdə necə tətbiq olunduğunu göstərməkdir. Bu baxımdan kontent marketinqi təhsil şirkəti üçün sadəcə post hazırlamaq prosesi deyil; kontent şirkətin iddialarını görünən sübuta çevirməlidir.
2026-cı ilin əvvəlində “Journal of the Academy of Marketing Science” jurnalında dərc olunan böyük bir araşdırmada 94 Britaniya universitetinin bir milyondan çox sosial media paylaşımı analiz edilib və əlavə eksperimentlər aparılıb. Tədqiqatın nəticələrində tələbə cəlbinə təsir baxımından xüsusilə kommunikasiya və qarşılıqlı əlaqə keyfiyyətini göstərən məzmunun əhəmiyyətli olduğu vurğulanır. Bu, mənim praktikada gördüyüm bir məsələni dəstəkləyir: insan yalnız nə öyrədəcəyinizi deyil, sizinlə necə bir təcrübə yaşayacağını da görmək istəyir”.
Kontent çoxalır, amma fərqlilik azalır
Həmsöhbətimiz deyir ki, son illərdə kontent istehsal etmək əvvəlkindən daha asan olub:
“Telefon, süni intellekt alətləri, hazır dizaynlar, montaj tətbiqləri və reklam platformaları demək olar ki, hər bir şirkətə gündəlik kontent istehsal etmək imkanı verir. Amma burada paradoks yaranır: kontent istehsalı asanlaşdıqca fərqli görünmək çətinləşir. Eyni rəngli dizaynlar, eyni motivasiya cümlələri, eyni müəllim videoları, eyni “5 məsləhət”, eyni “3 səhv” formatları bir müddət sonra bütün bazarı bir-birinə bənzədir. Belə vəziyyətdə məsələ daha çox kontent hazırlamaq deyil, deyiləcək fərqli bir şeyin olub-olmamasıdır. Kontent strategiyası “Bu həftə neçə Reels paylaşmalıyıq?” kimi kəmiyyət yönümlü suallarla deyil, “Bizi bazardakı digər onlarla mərkəzdən fərqləndirən unikal dəyər təklifimiz nədir? Bizim haqqımızda potensial tələbənin başqa yerdə eşitməyəcəyi nə var?” kimi keyfiyyət yönümlü suallarla başlamalıdır”.
Endirim problemi həll etmir, bəzən problemi gizlədir
Onun fikrincə təhsil marketinqində başqa bir geniş yayılmış yanaşma qiymət üzərində qurulmuş kommunikasiya modelidir:
“30% endirim”, “Erkən qeydiyyat”, “Son 5 yer”, “Dostunu gətir, endirim qazan.” Promosiyalar marketinq aləti kimi tamamilə normaldır, lakin problem onların marketinq strategiyasının əsasına çevrilməsidir. Əgər insanın niyə həmin şirkəti seçməli olduğuna dair güclü səbəbi yoxdursa, qiymət endirimi həmin boşluğu yalnız müvəqqəti gizlədə bilər. Uzunmüddətli marka isə yalnız ucuz olmaq üzərində qurula bilməz. Mənim gördüyüm əsas fərqlərdən biri də budur: güclü təhsil marketinqi qiyməti deyil, dəyəri izah etməyə çalışır”
“Hamı üçün” məhsul əslində heç kim üçün aydın olmaya bilər
H.Hüseynsoy qeyd edib ki, “təhsil mərkəzimiz məktəblilər, tələbələr, müəllimlər, işçilər və sahibkarlar üçün xidmət göstərir” Bu cümlə biznes baxımından geniş auditoriyaya sahib olmaq kimi görünə bilər, lakin kommunikasiya baxımından problemlidir:
“Çünki 16 yaşlı abituriyentin ehtiyacı ilə 28 yaşlı mütəxəssisin ehtiyacı eyni deyil. Birinin əsas sualı qəbul imtahanı, digərinin əsas sualı karyera inkişafı, başqa birinin isə xaricdə təhsil və ya dil bacarığıdır. Deməli, marketinqdə auditoriyanı bölmək sadəcə reklam kabinetində yaş və maraq seçmək deyil, fərqli insanların fərqli motivasiyalarını anlamaqdır. Təhsil şirkəti “hamıya hər şeyi” deməyə çalışanda kommunikasiya çox vaxt ümumiləşir. Məncə, gələcəyin təhsil marketinqində daha konkret mövqeləndirmə vacib olacaq.
“Müraciət sayı” ilə “marketinq nəticəsi” eyni şey deyil
O bildirib ki, təhsil şirkətləri üçün burada başqa mühüm məsələ də var:
“Reklam kampaniyasının çoxlu mesaj yaratması onun mütləq uğurlu olması demək deyil. Çünki satış qıfının (funnel) mərhələləri fərqlidir: məlumatlılıq (tanınma), maraq, sorğu/müraciət, konsultasiya, qeydiyyat, təhsilə başlama, təhsili davam etdirmə və nəticə. Bəzən marketoloq ilk nöqtədə dayanır: “Bu kampaniya 500 mesaj gətirdi.” Biznes isə başqa sualı verməlidir: “Bu 500 mesajın neçəsi real potensial tələbə idi?” və daha sonra “Neçəsi qeydiyyata çevrildi?”. Bu baxımdan rəqəmsal marketinqlə satış prosesinin bir-birindən ayrılması təhsil şirkətlərində ciddi problem yarada bilər.
Xarici təhsil marketinqində bunun əksi olan “full-funnel” (bütün mərhələləri əhatə edən) yanaşma geniş istifadə olunur. Məsələn, Dartmouth College üçün həyata keçirilmiş bir rəqəmsal kampaniya tanınma (awareness) mərhələsindən müraciətə (inquiry), oradan da ərizə (application) və qəbul (enrollment) mərhələsinə qədər bütün addımları nəzərə alıb. Carnegie-nin təcrübə nümunəsinə (case-study) əsasən, kampaniya 235-dən çox real sorğu yaradıb və bu müraciətlərin bir hissəsi sonradan ərizəyə və qəbul prosesinə keçib. Başqa bir təcrübədə Gettysburg College üçün bazar araşdırması və rəqiblərdən fərqlənmə analizi əsasında mesajlaşma strategiyası (messaging) hazırlanıb, daha sonra bu, SEO, PPC (klik başına ödənişli reklam) və sosial media ilə dəstəklənib. Buradakı əsas dərs kanallarla bağlı deyil: marketinq reklam kabinetində başlamır.
Azərbaycan təhsil bazarı üçün daha bir mühüm məsələ: seçim böyüyür
Mütəxəssis bildirib ki, Azərbaycanda təhsil ekosisteminin miqyası kifayət qədər böyükdür:
“Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024/2025-ci tədris ilinin əvvəlində ölkədə 51 ali təhsil müəssisəsi fəaliyyət göstərib və onların 10-u qeyri-dövlət olub. Həmin dövrdə ali təhsil müəssisələrində 246 529 tələbə təhsil alıb; onların 30 404 nəfəri qeyri-dövlət ali təhsil müəssisələrinin payına düşüb. DİM-in 2026/2027-ci tədris ili üzrə məlumatına görə isə ali təhsil müəssisələrinin müsabiqəsində 87 146 nəfər iştirak edib, 58 947 nəfər qəbul olunub və qəbul planı ilkin yerləşdirmədən sonra 97,07 faiz dolub. Bu rəqəmlər bir şeyi göstərir: təhsil qərarı böyük və yüksək maraq doğuran bir bazardır. Amma bu həm də o deməkdir ki, sadəcə “biz də varıq” demək getdikcə daha az kifayət edəcək”.
Təhsil şirkətinin Instagram səhifəsi niyə vitrindən çox olmalıdır?
“Bir təhsil şirkətinin Instagram səhifəsinə daxil olduğumu düşünək. Əgər mən ilk 30 saniyədə yalnız loqo, müəllim şəkilləri, qiymətlər, “qeydiyyat başladı” elanları və ümumi motivasiya mesajları görürəmsə, mən şirkət haqqında çox az şey öyrənmiş oluram. Amma həmin səhifədə müəllimin düşüncə tərzini, dərsin real prosesini, tələbələrin işlərini, məzunların nəticələrini, tez-tez verilən sualları, metodologiyanı, uğursuzluqların və problemlərin necə həll edildiyini, tədris mühitini görürəmsə, artıq sadəcə səhifəyə yox, təcrübənin özünə baxıram. Sosial media məhz buna görə təhsil şirkətləri üçün vacibdir. Tədqiqatlarda da sosial medianın tələbələrin seçim prosesində əsasən informasiya toplama və alternativləri qiymətləndirmə mərhələlərində istifadə edildiyi, xüsusilə tələbə həyatı və keçmiş tələbələrin rəylərinin axtarıldığı göstərilib. Yəni təhsil kontenti yalnız “gözəl görünməlidir” deyil, suallara cavab verməlidir”.Hə.Hüseynsoy deyib.
Məncə Azərbaycan təhsil marketinqinin növbəti mərhələsi budur
Mütəxəssis vurğulayıb ki, onun fikrincə Azərbaycanın təhsil marketinqində əsas dönüş nöqtəsi daha çox reklam etmək deyil, daha yaxşı əsaslandırılmış marketinq qurmaqdır:
“Təhsil şirkətləri üçün mən bunu dörd əsas sualda görürəm: Biz kimik? Kimə xidmət edirik? Nəticəmizi necə sübut edirik? Bunu insanlara hansı ardıcıllıqla göstəririk?
Bu suallara cavab verilmədən hazırlanmış ən yaxşı Reels belə yalnız qısa müddətli diqqət gətirə bilər. Əksinə, düzgün mövqeləndirmə, real sübut, yaxşı kontent və ölçülə bilən satış prosesi bir-birini tamamlayanda rəqəmsal marketinq biznesin əsas hissəsinə çevrilir. Bu gün Azərbaycanda təhsil şirkətinin rəqəmsal mühitdə görünməsi artıq çətin məsələ deyil; insanların böyük hissəsi onlayndadır. Çətin olan görünəndən sonra yadda qalmaq və inandırmaqdır. Məhz burada marketinq ilə reklam arasındakı fərq ortaya çıxır: reklam insanı sizə baxmağa gətirə bilər, amma nə üçün sizə inanmalı olduğunu reklamdan daha böyük bir sistem izah edir.
Mən 10-dan çox Azərbaycan təhsil şirkəti ilə işlədikcə bunu daha aydın görmüşəm: bəzən şirkətin ehtiyacı daha çox kontent deyil, daha aydın mövqeləndirmədir; daha böyük reklam büdcəsi deyil, daha düzgün təklifdir; daha çox paylaşım deyil, daha güclü sübutdur. Və bəlkə də təhsil marketinqinə ən doğru yanaşma “necə daha çox tələbə tapaq?” sualından bir addım əvvəl başlayır:
“Niyə tələbə bizi seçməlidir və bunu ona necə sübut edəcəyik?”
Məncə, qarşıdakı dövrdə Azərbaycanda təhsil sektorunda rəqabəti məhz bu sualı daha yaxşı cavablandıran brendlər müəyyənləşdirəcək”.
