“Valideynlər övladlarının göstərdiyi şeyi də qiymətləndirməlidirlər” – PSİXOLOQ
4 mins read

“Valideynlər övladlarının göstərdiyi şeyi də qiymətləndirməlidirlər” – PSİXOLOQ

Valideynlər övladlarının uğurlu, savadlı və xoşbəxt gələcəyə sahib olmasını istəyirlər. Bu məqsədlə onların qarşısına yüksək hədəflər qoyur, daha yaxşı nəticə göstərmələrini, yaşıdlarından geri qalmamalarını gözləyirlər. Lakin bəzən xoş niyyətlə qoyulan gözləntilər uşağın üzərində görünməz təzyiqə çevrilə bilir. “Daha yaxşı oxumalısan”, “sən bunu bacarmalısan”, “filankəs səndən daha yaxşı nəticə göstərib” kimi ifadələr uşağın motivasiyasını artırmaq əvəzinə onda uğursuzluq qorxusu, özünə inamsızlıq və daim valideynini məmnun etmək məcburiyyəti yarada bilər.

Bəs valideynlərin yüksək gözləntiləri uşaqların psixoloji durumuna necə təsir edir? Sağlam tələbkarlıqla uşağa psixoloji təzyiq arasındakı sərhəd haradan keçir və valideynlər övladlarının inkişafını dəstəkləyərkən hansı məqamlara xüsusi diqqət etməlidirlər?

Mövzu ilə bağlı Canlixeber.com-a danışan psixoloq Zeynəb Əyyubova bildirib ki, hər bir valideyn övladının uğurlu, xoşbəxt və sağlam gələcəyə sahib olmasını istəyir. Bu istək təbiidir:

“Lakin bəzən yüksək gözləntilər uşağın yaşına, maraqlarına və fərdi xüsusiyyətlərinə uyğun olmadıqda, onun psixoloji sağlamlığına mənfi təsir göstərə bilər. Uşaq daim “ən yaxşı olmalısan”, “səhv etməməlisən”, “başqalarından geri qalmamalısan” kimi mesajlar aldıqda, zamanla öz dəyərini yalnız nailiyyətləri ilə ölçməyə başlayır. Bu isə narahatlıq, stres, özünəinamın azalması, uğursuzluq qorxusu və mükəmməlliyyətçilik kimi problemlərə səbəb ola bilər. Bəzi uşaqlar valideynlərini məyus etməkdən qorxduqları üçün hisslərini gizlədir, digərləri isə üsyankar davranışlar nümayiş etdirə bilirlər”.

Onun sözlərinə görə, valideynlər anlamalıdırlar ki, hər uşağın inkişaf tempi, bacarığı və maraq dairəsi fərqlidir:

“Uşaqları digər həmyaşıdları ilə müqayisə etmək əvəzinə, onların öz inkişafını izləmək daha sağlam yanaşmadır. Ən vacib məqamlardan biri uşağa qeyd-şərtsiz sevgi hissini ötürməkdir. Uşaq bilməlidir ki, o, yalnız uğur qazandığı üçün deyil, olduğu kimi qəbul edildiyi üçün dəyərlidir. Valideynlər gözləntilərini müəyyən edərkən uşağın yaşını, emosional hazırlığını və potensialını nəzərə almalıdırlar. Uğursuzluqlar cəza və ya tənqid üçün deyil, öyrənmək və inkişaf etmək üçün fürsət kimi qiymətləndirilməlidir. Uşağın fikirlərini dinləmək, seçimlərinə hörmət etmək və qərarvermə bacarıqlarını dəstəkləmək onun sağlam şəxsiyyət kimi formalaşmasına kömək edir”.

Müsahibimiz qeyd edib ki, bundan əlavə, valideynlər yalnız nəticəni deyil, uşağın göstərdiyi səyi də qiymətləndirməlidirlər:

“Bu yanaşma daxili motivasiyanı artırır və uşağın özünə inamını gücləndirir.
uşaqların psixoloji sağlamlığının təməli sevgi, anlayış, təhlükəsizlik hissi və sağlam ünsiyyətdir. Valideynlərin dəstəkləyici və realist gözləntiləri uşağın həm emosional rifahını, həm də gələcək uğurlarını daha möhkəm təməl üzərində qurmasına imkan yaradır”.