Taxıl məhsuldarlığının artması üçün əkin sahələrinin çox olması kifayət deyil – Ekspert
4 mins read

Taxıl məhsuldarlığının artması üçün əkin sahələrinin çox olması kifayət deyil – Ekspert

“Taxıl əkini sahələrinin günü-gündən artması məhsuldarlığın yüksək olmasına zəmanət yaratmır”.

Bu barədə Canlixeber.com-a açıqlamasında kənd təsərrüfatı məsələləri üzrə ekspert Arif Nuriyev deyib.

Onun sözlərinə görə, taxıl məhsuldarlığının yüksək olması üçün bir neçə əsas amil var:
“Bu amillərdən birincisi hava şəraitidir. Gözlənilməz hava şəraiti ilə qarşılaşdıqda taxıl məhsuldarlığında yüksək nəticələr əldə etmək mümkün olmur. Digər bir məsələ taxıl üçün iqlim şəraitinin düzgün seçilməsidir. Çünki taxıla lazım olan iqlim şəraiti olmadıqda yüksək məhsuldarlıq əldə etmək olmaz. Məsələn dörd bir yanı ağaclarla əhatələnmiş meşə təsərrüfatı sahəsində taxıl əkib becərmək əməyin boşa verilməsi deməkdir. Yəni həmin yerdən yüksək məhsuldarlığı gözlənə bilməz, çünki meşəlik ərazi çox rütubətli olur. Bu da taxılın normal inkişafına mane olur”.

A.Nuriyev qeyd edib ki, taxılın toxumunun düzgün seçilməsi də vacib şərtlərdən biridir:
“Yəni hansı ərazidə hansı toxumun əkilməsini bilmək vacibdir. Məsələn respublikamızın suvarma sistemi olan rayonlarında toxumu düzgün seçilməlidir. Həmçinin Azərbaycanın dağlıq ərazilərində dəmyə əkin sahələri var ki, həmin sahələrə yetərincə taxıl əkilir. Fermerlərimiz belə sahələri əvvəlki illərə nisbətən daha da artırırlar. Həmin sahələrdə taxıl toxumları düzgün seçilməlidir. Yəni suvarılan torpaqlarla dəmyə torpaqlarına əkilən toxumlar fərqli toxumlardır”.

Ekspert bildirib ki, taxılda yüksək məhsuldarlığın əldə edilməsi üçün daha bir məsələ taxılın gübrələnmə məsələsidir:
“Gübrələr əkinə düzgün və hava şəraitinə uyğun seçilməlidir. Gübrələnmə düzgün və vaxtında edildiyi zaman məhsulun münbit inkişafına səbəb olur. Kiçik bir nüansı nəzərdən qaçırmayaq ki, nəmli iqlim şəraitində taxıl normal inkişaf edirsə, həddən artıq inkişaf müşahidə edilirsə, məhsula azot gübrəsi verilərsə, bu zaman taxılda çürümə baş verir . Gübrələnmə zamanı belə nüanslara xüsusi diqqət yetirmək lazımdır”.

A.Nuriyev sonda vurğulayıb ki, istədiyimiz taxıl məhsuldarlığını əldə etmək üçün torpağın münbitliyi də birbaşa nəzərə alınmalıdır:
“Bundan başqa digər amillər var də ki, taxılın inkişafına güclü təsir göstərir. Zərərvericilər, həşəratlar üçün dərman preparatlarının vaxtında istifadə edilməsi istədiyimiz nəticəni əldə etmək üçün zəmin yaradır.

Bəzi məsələlər də var ki, taxıl məhsuldarlığının aşağı düşməsinə səbəb olur. Məsələn suvarma imkanlarının zəif olmasını misal göstərə bilərik. Bütün rayonlarımızda taxıl əkini sahələrində suvarılma işləri aparılmalıdır. Suvarma normativi vaxtında həyata keçirilmədikdə məhsuldarlıq dəfələrlə aşağı düşür. Digər bir məsələ müasir aqrotexniki qaydalara əməl olunmasıdır. Sadaladığım şərtlər düzgün icra olunarsa, əlbəttə yüksək məhsuldarlıq üçün şərait yarana bilər. Əgər şərtlərə əməl edilməzsə, yüksək məhsuldarlığın olmaması qaçılmaz faktdır”.