Sosial şəbəkələrimizi necə dizayn etməliyik? – Mütəxəssis Açıqladı
“Müasir dövrdə sosial media səhifəsi artıq sadəcə paylaşım platforması deyil, brendin ictimai simasıdır”.
Bu barədə Canlixeber.com-a danışan PR mütəxəssisi Züleyxa Ağaməliyeva deyib.
Onun sözlərinə görə, insanlar hər hansı şirkət və ya mütəxəssis haqqında ilk təəssüratı çox vaxt məhz sosial media hesabı vasitəsilə formalaşdırırlar:
“Buna görə də səhifənin hazırlanmasına yalnız dizayn baxımından deyil, kommunikasiya və reputasiya idarəçiliyi baxımından da yanaşmaq vacibdir.
İlk növbədə, səhifə brendin kimliyini və dəyərlərini əks etdirməlidir. Paylaşılan hər bir foto, video və mətn müəssisənin fəaliyyət istiqamətinə, üslubuna və hədəf auditoriyasına uyğun olmalıdır. Vizual estetika əlbəttə vacibdir, lakin onu dəstəkləyən əsas amil səmimi və etibarlı ünsiyyətdir.
Bu gün auditoriya yalnız reklam xarakterli məzmun görmək istəmir. İnsanlar onları məlumatlandıran, maarifləndirən və fayda verən kontentə üstünlük verirlər. Məsələn, tibb və ya gözəllik sahəsində fəaliyyət göstərən bir müəssisə yalnız xidmətlərini tanıtmaqla kifayətlənməməli, eyni zamanda cəmiyyətdə mövcud olan yanlış təsəvvürləri aradan qaldıran, insanların suallarını cavablandıran və maarifləndirici məzmun paylaşmalıdır. Bu yanaşma həm etibarı artırır, həm də brendi ekspert mövqeyində təqdim edir”
Mütəxəssis qeyd edib ki, PR baxımından digər mühüm məsələ auditoriya ilə iki tərəfli kommunikasiyanın qurulmasıdır:
“Sosial media yalnız məlumat ötürmək üçün deyil, dinləmək üçün də bir platformadır. İzləyicilərin rəylərinə operativ reaksiya vermək, suallarını cavablandırmaq və onların fikirlərini nəzərə almaq uzunmüddətli etimadın formalaşmasına xidmət edir.
Bununla yanaşı, sosial media səhifəsində paylaşılan məzmunun ardıcıl və planlı olması vacibdir. Təsadüfi paylaşımlar əvəzinə əvvəlcədən hazırlanmış kommunikasiya strategiyası həm auditoriyanın marağını qoruyur, həm də brendin vahid imicini gücləndirir.
Nəticə etibarilə, uğurlu sosial media səhifəsi yalnız izləyici toplamaq məqsədi daşımamalıdır. Əsas hədəf güclü reputasiya formalaşdırmaq, auditoriya ilə davamlı etibar münasibəti qurmaq və brend dəyərlərini düzgün şəkildə ictimaiyyətə çatdırmaq olmalıdır. Uzunmüddətli uğurun əsasını da məhz bu prinsiplər təşkil edir”.
