Samuxda 9 nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı dövlət qurumları birgə məlumat yaydı
2 mins read

Samuxda 9 nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı dövlət qurumları birgə məlumat yaydı

Samux rayonu üzrə qeydə alınan qarayara ilə bağlı ilkin araşdırmalara əsasən xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təması müəyyən edilib. Xəstəliyə şübhəli olan ilk şəxsdən götürülmüş müayinə materialının laborator müayinəsi nəticəsində “qarayara xəstəliyi” diaqnozu təsdiq edilib.


Canlixeber.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilib.


Qeyd edilib ki, epidemioloji araşdırma çərçivəsində aşkar olunub ki, xəstəliyə yoluxmuş və şübhəli bilinən şəxslər Gəncə şəhərində yerləşən fərdi ət kəsimi məntəqəsində olan xəstə heyvanın ətinin emalında iştirak ediblər.
Hazırda təmasda olan şəxslər müəyyənləşdirilib, tibbi müşahidəyə cəlb edilib və hər hansı dəri yarası olan şəxslərdən laborator müayinələrin aparılması üçün nümunələr toplanılıb.


Xəstə heyvanla təmasda olan daha 9 nəfər aşkarlanaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. Xəstəliklə təmasda olan şəxslər əsasən Samux rayon sakinləridir. Sözügedən şəxslərdən laborator müayinə üçün nümunələr toplanıb və Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.


Qeyd etmək lazımdır ki, qarayara xəstəliyi əsasən xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də onların yoluxmuş toxumaları və məhsulları ilə təmas nəticəsində insana keçən zoonoz xəstəlikdir. Xəstəliyin insandan-insana ötürülməsi olduqca nadir hallarda baş verir.


Hazırda hadisə ilə bağlı vəziyyət aidiyyəti qurumların nəzarətindədir və zəruri epidemioloji tədbirlər həyata keçirilir. Əhali arasında yayılma yoxdur və vətəndaşların təşvişə düşməsinə əsas yoxdur.


Vətəndaşlara xəstə və ya tələf olan heyvanlarla, şübhəli heyvan mənşəli məhsullarla təmasdan çəkinmək, xəstəliyə şübhə yaradan əlamətlər müşahidə etdikdə isə vaxtında tibb müəssisəsinə müraciət etmək tövsiyə olunur.