Sadəcə texnologiyanın alınması onun effektiv istifadəsinə zəmanət vermir- Ekspert
5 mins read

Sadəcə texnologiyanın alınması onun effektiv istifadəsinə zəmanət vermir- Ekspert

Kənd təsərrüfatında sahəsində istehsal üsulları getdikcə yerini müasir texnologiyalara verir. Artmaqda olan istehsal xərcləri, su ehtiyatlarının məhdud olması ,iqlim dəyişiklikləri və məhsuldarlığın yüksəldilməsi fermerləri yeni yollar axtarmağa yönləndirir. Bu aspektdən müasir aqrotexnologiyalar kənd təsərrüfatının inkişafı üçün vacib vasitələrdən birinə çevrilob. Torpaq analizlərindən ağıllı suvarma sistemlərinə, dronlardan rəqəmsal monitorinq imkanlarına qədər müxtəlif texnologiyalar istehsal prosesinin optimallaşdırılmasına xidmət edir.

Bəs Azərbaycanda fermerlər müasir aqrotexnologiyalardan nə dərəcədə istifadə edirlər? Bu texnologiyaların tətbiqi zamanı hansı çətinliklər meydana çıxır və onların daha geniş yayılması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Canlixeber.com-a danışan kənd təsərrüfatı üzrə ekspert Arif Nuriyev bildirib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı, məhsuldarlığın artırılması ilə yanaşı olaraq təhlükəsizliyinin təmin olunması üçün də müasir aqrotexnologiyalardan istifadə mühümdür:

“Son illər aqrar sahədə texnologiyaların istifadəsi artsa da, fermerlərin bu imkanlardan yararlanma səviyyəsi dəyişir. Böyük təsərrüfatlarda müasir texnikalardan, avtomatlaşdırılmış suvarma sistemlərindən, rəqəmsal həllərdən istifadə imkanı daha artır. Kiçik və orta fermer təsərrüfatlarına nəzər saldıqdan isə texnologiyaların istifadəsində bir sıra çətinliklər nəzərə çarpır”.

Ekspertin sözlərinə görə, müasir texnologiyalar dedikdə ancaq yeni kənd təsərrüfatı texnikası nəzərdə tutulmur:

“Həmçinin torpağın analiz edilməsi, məhsuldarlığın rəqəmsal yollarla izlənməsi, müasir suvarma sistemləri, müasir yanaşmalar daxildir. Qeyd etdiyim texnologiyalar fermerə resurslardan səmərəli istifadə etməklə yanaşı istehsalı daha dəqiq planlaşdırmaq imkanı yaradir. Məsələn, torpaq analizlərinin aparılması hansı sahəyə nə qədər gübrə verilməsinin müəyyənləşdirilməsi üçün vacibdir. Nəticədə həm lazımsız xərclərin qarşısı alınır, həm də torpağın münbitliyinin qorunmasına şərait yaranmış olur”.

A.Nuriyev qeyd edib ki, Azərbaycanda su ehtiyatlarının məhdudluğu müasir suvarma texnologiyalarının istifadəsini vacib edir:

“Damcı və yağmurlama suvarma sistemləri su itkisinin azaldılması baxımından əhəmiyyətlidir. Lakin bu sistemlərin ilkin quraşdırılması üçün müəyyən maliyyə və texniki imkanlar lazımdır. Fermerlərin bir qismi texnologiyaların uzunmüddətli faydasını bilsə də, ilkin investisiya xərclərinə görə onların tətbiqini təxirə salırlar. Bu baxımdan dövlət dəstəyi, güzəştli maliyyələşmə və aqrar sığorta mexanizmləri mühüm əhəmiyyətə malikdir”.

Müsahibimiz sonda vurğulayıb ki, müasir kənd təsərrüfatı texnikasının istifadəsi də istehsalın səmərəliliyinə təsir edən əsas amillər sırasındadır:

“Traktorlar, kombaynlar, səpin və yığım texnikaları əmək məhsuldarlığını artırmaqla yanaşı, işlərin vaxtında görülməsinə imkan yaradır. Bununla belə, texnikanın alınması ilə yanaşı, ehtiyat hissələrinin əlçatanlığı nəzərə alınmalıdır. Regionlarda bəzi fermerlər fərdi qaydada texnika almaq əvəzinə texnika xidmətlərindən və birgə istifadə imkanlarından yararlanmağı seçirlər. Bu kiçik təsərrüfatlar üçün daha səmərəli həll ola bilər.

Unutmamaq lazımdır ki, rəqəmsal texnologiyalar kənd təsərrüfatında daha dəqiq qərar verilməsinə imkan yaradır. Mobil tətbiqlər, meteoroloji məlumatlar fermerə sahənin vəziyyəti barədə məlumat əldə etməyə kömək edir. Dronlardan istifadə vasitəsilə bitkilərdə zərərvericilərin əlamətlərini müəyyənləşdirmək, suvarma və gübrələmə proseslərini daha düzgün qurmaq mümkün olur. Ancaq texnologiyaların səmərəli istifadəsi üçün fermerlərin texniki bilikləri yüksək olmalıdır. Sadəcə texnologiyanın alınması onun effektiv istifadəsinə zəmanət vermir”.