Rusiyada iki il öncə “ölən” kişi sağ olduğunu sübut etmək istəyir
Sankt-Peterburq sakini təxminən iki il ərzində rəsmi olaraq ölü hesab edilsə də, işləməyə, maaş almağa və bağ evində istirahət etməyə davam edib.
Canlixeber.com xəbər verir ki, bu barədə şəhər məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb.
Mərhumun şəxsiyyətinin müəyyənləşdirilməsi zamanı yol verilən səhvə görə, həmin şəxs indi sağ olduğunu məhkəmə yolu ilə sübut etməli olacaq.
Hadisə 2024-cü il noyabrın 28-də Lunaçarski prospektində yerləşən mənzillərdən birində kişi meyitinin tapılması ilə başlayıb. Meyitin üzərində Oleq adlı şəxsə məxsus hərbi bilet olduğundan, ölüm haqqında şəhadətnamə onun adına tərtib edilib. Halbuki vəfat edən şəxs Oleqin qardaşı İqor olub.
Oleq isə bütün bu müddət ərzində rəsmi olaraq ölü hesab edildiyindən xəbərsiz olub və adi həyatını davam etdirib. Yalnız oğlu əmisinin ölümü ilə bağlı polis yoxlamasının materialları ilə tanış olduqdan sonra sənədlərdəki yanlışlıq üzə çıxıb. Məlum olub ki, rəsmi sənədlərə əsasən, əslində sağ olan Oleq ölü hesab edilir.
Kişi səhvi düzəltmək üçün Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) şöbəsinə müraciət etsə də, rədd cavabı alıb.
Qurumun əməkdaşları bildiriblər ki, ölüm faktı qanunvericiliyə uyğun şəkildə qeydə alındığından, akt qeydində yalnız məhkəmə qərarı əsasında dəyişiklik edilə bilər.
Hazırda Sankt-Peterburqun Vıborq Rayon Məhkəməsi Oleqin ölüm haqqında akt qeydində düzəliş edilməsi ilə bağlı ərizəsini icraata qəbul edib. O, yol verilmiş səhvin hüquqlarını pozduğunu və hüquqi əhəmiyyət daşıyan hərəkətləri həyata keçirməsinə mane olduğunu bildirir.
