Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödəyib
Mühacirətdə yaşayan jurnalist Qənimət Zahid sabiq deputat Çingiz Qənizadəyə məhkəmə qərarı əsasında təzminat ödəyib.
Canlixeber.com Bakıgundem.com’a istinadla xəbər verir ki, məsələ Qənimət Zahidin 2019-cu ildə “YouTube” platformasında yayımladığı videolarda Çingiz Qənizadə barədə səsləndirdiyi iddialarla bağlı olub.
Sözügedən videolarda sabiq deputat Rusiyada qətlə yetirilən azərbaycanlı iş adamı Ruslan Hüseynovun ölümündə təşkilatçı və ya iştirakçı kimi təqdim edilib.
İdiaların böhtan xarakterli olduğunu bildirən Çingiz Qənizadə Fransa məhkəməsinə müraciət edib. İşə Paris Cinayət Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Qənimət Zahid böhtan yaymaqda təqsirli bilinərək ona 500 avro məbləğində cərimə kəsilib. Məhkəmə eyni zamanda jurnalistin Çingiz Qənizadəyə 300 avro məbləğində mənəvi təzminat ödəməsinə qərar verib.
Çingiz Qənizadənin sözlərinə görə, məhkəmə qərarı artıq icra olunub və Qənimət Zahid müəyyən edilən kompensasiyanı tam ödəyib.
Keçmiş deputat qeyd edib ki, hüquqi prosesə 2019-cu ildə start verilib və iş 2025-ci il oktyabrın 21-də yekunlaşıb. Onun sözlərinə görə, məhkəmə araşdırmasının uzun çəkməsi əsasən pandemiya dövrünün yaratdığı fasilələrlə bağlı olub.
Çingiz Qənizadə həmçinin vurğulayıb ki, Qənimət Zahid Fransa qanunvericiliyinə əsasən həm cərimə ödəyib, həm də ona dəymiş maddi və mənəvi zərərin əvəzini kompensasiya edib. O vurğulayıb ki, ödəniş bir müddət geciksə də, məhkəmə qərarı nəticə etibarilə tam icra olunub.
Sabiq deputat bu qərarı hüquqi mübarizəsinin uğurlu nəticəsi kimi dəyərləndirib.
