“Kənd təsərrüfatının inkişafına mane olan əsas amil qiymətlərin düzgün tənzimlənməməsidir” – EKSPERT
3 mins read

“Kənd təsərrüfatının inkişafına mane olan əsas amil qiymətlərin düzgün tənzimlənməməsidir” – EKSPERT

Kənd təsərrüfatının inkişafı yalnız məhsul istehsalının artırılmasından deyil, həm də fermerin yetişdirdiyi məhsulu layiqli qiymətə sata bilməsindən asılıdır. Son illər aqrar sahədə müxtəlif istiqamətlər üzrə inkişaf və dövlət dəstəyi tədbirləri həyata keçirilsə də, bazarda qiymətlərin dəyişkənliyi, məhsulun satışında yaranan çətinliklər və istehsal xərclərinin yüksək olması fermerlərin qarşılaşdığı əsas problemlər sırasında qalır. Bəzi hallarda sahibkar məhsulunu bazara çıxararkən onun maya dəyərini belə tam qarşılaya bilməyən qiymətlərlə üzləşir.

Bəs kənd təsərrüfatında bu problemin əsas səbəbləri nələrdir?

Mövzu ilə bağlı Canlixeber.com-a danışan kənd təsərrüfatı üzrə ekspert Arif Nuriyev qeyd edib ki, kənd təsərrüfatının inkişafına mane olan başlıca problem bazar problemidir:

“Çünki hərhansı məhsulu əkib becərib bazara çıxardıqda və münasib qiymət təklif edilmədikdə sonrakı illər həmin məhsulun əkilməsinə maraq azalır. Ötən illərdə, elə bu il də çox məhsullar əkilib becərilsə də anbarlarda çürüyüb. Məsələn keçən illərdə tonlarla soğan məhsulu bazar problemi olduğuna görə çürüyərək məhv oldu. Ona görə də sahibkarlar növbəti dəfə soğan əkininə üstün verməyəcəklər.

Ekspert qeyd edib ki, əvvəlki illərdə ölkəmizdəki kənd təsərrüfatı məhsullarının Rusiya federasiyası kimi böyük ölkələrə ixrac olunması sahibkarların, fermerlərin Maddi vəziyyətini daha da yaxşılaşdırırdı:

“Həmçinin bu gələcək illərdə həmin məhsulların dəfələrlə əkib becərilməsinə şərait yaradırdı. Son dövrlərdə müəyyən proseslərlə əlaqədar olaraq Rusiya federasiyasının bazarlarına kənd təsərrüfatı məhsullarımızın ixrac olunmaması müşahidə olunur. Bu da kənd təsərrüfatımızın inkişafına zərbə vuran növbəti amildir”.

A.Nuriyev qeyd edib ki, sahibkar məhsulu əkib becərir, bazarda münasib qiymət verilmirsə burada o həm də ziyana düşür:

“Məsələn hansısa məhsulun əkib becərilməsi üçün müəyyən qulluq edilməlidir, dərman preparatlarından istifadə edilməlidir. Bunlara sahibkar xərc çəkir və bunun qarşılığında münasib qiymətə məhsulunu satmaq istəyir. Bu olmadıqda isə məhsula maraq azalır. Ölkəmizdə bazar problemi öz həllini tapmayana qədər kənd təsərrüfatının inkişafına ciddi zərbələr dəyəcək. Kənd təsərrüfatının inkişafı bu problem həll edilmədikcə mümkün olmayacaq”.