Kimlər ali təhsil müəssisələrində ödənişsiz təhsil ala bilər?
Ali təhsil hər bir gəncin gələcəyinə qoyulan ən mühüm investisiyalardan biri hesab olunur. Lakin təhsil haqqının ödənilməsi bir çox ailə üçün ciddi maliyyə yükü yaradır. Məhz buna görə dövlət tərəfindən müəyyən kateqoriyadan olan şəxslərin ali təhsil müəssisələrində təhsil haqqından tam və ya qismən azad edilməsi həm sosial müdafiənin gücləndirilməsi, həm də təhsildə bərabər imkanların təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanda müxtəlif qanunvericilik aktlarına əsasən, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, valideyn himayəsindən məhrum olmuş şəxslər, eləcə də digər sosial həssas qruplara daxil olan tələbələr üçün bu istiqamətdə bir sıra güzəştlər tətbiq edilir. Bəs hazırda ali təhsil zamanı ödənişdən azad edilən şəxslər kimlərdir, bu güzəştlər hansı şərtlərlə verilir və onların əhatə dairəsi kifayət qədər genişdir.
Canlixeber.com mövzu ilə bağlı mövcud qanunvericiliyi araşdırıb.
Təhsilin müxtəlif pillə və səviyyələri üzrə təhsil haqqı ödəməkdən azad olunan imtiyazlı şəxslər aşağıdakılardır:
Məcburi köçkün statuslu şəxslər:
Dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrində, AMEA-nın magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları təhsil haqqı ödəməkdən azaddır.
Valideyn himayəsindən məhrum olan şəxslər:
Hər iki valideyni vəfat etmiş; bir valideyni vəfat etmiş və digər valideyni orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş; valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər (övladlığa götürüldükdə belə) ali, orta ixtisas və peşə təhsili müəssisələrində və AMEA-nın magistratura səviyyəsində əyani formada 23 yaşınadək təhsil alan şəxslər təhsil haqqı ödəməkdən azaddır.
Əlilliyi müəyyən edilmiş şəxslər:
Ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, AMEA-nın magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;
Dövlət peşə təhsili müəssisələrinə münasibətdə isə əlilliyi olan şəxslər; 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan və aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər təhsil haqqı ödəməkdən azaddır.
Şəhid ailəsi statusu olan şəxslər:
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası Qanunu”na müvafiq olaraq şəhid ailəsi statusu almış dövlət peşə, orta ixtisas, ali təhsil müəssisələrində və AMEA-nın magistratura səviyyəsində 23 yaşınadək əyani təhsil alan şəxslər təhsil haqqı ödəməkdən azaddır.
Şəhid və müharibə əlillərinin övladları
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş, ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqları təhsil haqqı ödəməkdən azaddır.
Müharibə veteranları:
Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər təhsil haqqı ödəməkdən azaddır.
2024-cü il Dekabrın 20-də “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. Yeni dəyişikliyə əsasən, mövcud qanunvericilikdə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sırasından olan şəxslərin əhatə dairəsi genişləndirilib.
Belə ki, hər iki valideyni vəfat edən və ya bir valideyni vəfat etmiş, digər valideyni isə orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərlə yanaşı, bir valideyni vəfat etmiş və digər valideyni aşağıda sadalanan bəndlərdən hər hansı birinə aid olan şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab ediləcəklər:
cəzaçəkmə müəssisələrində cəzasını çəkən;
məlum olmayan;
xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən;
valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan;
uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən;
uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən şəxslər.
Həmçinin bu il sentyabrın 15-dən etibarən Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək.
Belə ki, may ayında qanunvericiliyə edilən dəyişikliklə dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladları Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
