İngilis dilini öyrənən zaman harada səhv edirik? – MÜSAHİBƏ
Müasir dünyada xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, həm təhsil, həm də əmək bazarında mühüm üstünlüklərdən biri hesab olunur. Xüsusilə ingilis dili beynəlxalq ünsiyyət, elm, texnologiya və peşəkar inkişaf baxımından geniş imkanlar yaradır.
Bəs ingilis dilinin öyrənilməsində əsas çətinliklər nələrdir və xarici dil bilmək insanın gələcək karyerasına nə dərəcədə təsir edir?
Canlixeber.com bu və digər sualları ingilis dili müəllimi, pedaqoq- təlimçi- İbrahimov Röyad ilə müzakirə edib.
Röyad müəllim, insanlar ingilis dilini öyrənərkən ən çox hansı çətinliklərlə üzləşirlər?
-Ən çox üzləşdikləri çətinlik cümlə qurmaqla bağlıdır. Əksər tələbələr sözləri və qrammatikanı öyrənirlər, amma yenə də cümlə qurmaqda çətinlik çəkirlər. Üstəlik bir çox kurslar da vəd edir ki, sözləri və qrammatikanı öyrənin daha sonra danışacaqsınız. Bunları tamamlayan tələbə sonradan yenə də problemlə üzləşəndə özündə nəyinsə doğru olmadığını düşünür.
İngilis dilində söz ehtiyatını artırmaq niyə bir çox insan üçün çətin olur?
-Söz ehtiyatını artırmaq çətin olur, çünki onlar bunu düzgün şəkildə etmirlər. Söz öyrənmək o demək deyil ki, məktəbdəki kimi sözü ingiliscə yazırsan və qarşısında azərbaycan dili formasını yazırsan. Bu əzbərçilik metodikasıdır və dil öyrenilməsində məsləhət deyil. Yaxşı olar ki, sözləri şəkillər vasitəsilə öyrənsinlər. Daha sonra öz səviyyələrinə uyğun dinləmələrdən çıxardıb cümlə şəklində yazıb və cümlənin daxilində mənasını anlasınlar. Qısaca, sözlər kontekst ilə birgə öyrənildikdə daha əyləncəli və yaddaqalan olur.
Qrammatikanı öyrənməkdə əsas problem nədən qaynaqlanır?
-Burada ciddi problemlərin olduğunu düşünmürəm. Ölkəmizdə qrammatika tədrisi bəlkə də Britaniyadan da yaxşı tədris olunur. Müəllimlərimiz də qrammatikadan kifayət qədər güclüdür. Onsuz da artıq çox insana məlumdur ki, qrammatika bilmək hər hansısa dildə danışmağı bacarmaq demək deyil. Necə ki, maşının hissələrini bilməklə maşın sürməyi bacarmaq ayrı-ayrı bacarıqlardır.
Şagird və ya tələbələr sözləri bilsələr də, danışıq zamanı onları cümlədə istifadə etməkdə niyə çətinlik çəkirlər?
-Əvvəl də qeyd etdiyim kimi, onlar sözləri sadəcə əzbərləyirlər. Əzbərlədikləri sözlər Azərbaycan dilində beyinlərində qalır. Danışarkən beyin Azərbaycan dilini düşünür. Ona görə də cümlə quranda proses uzun çəkir və bəzən də qurduqları cümlələr əlaqəsiz olur
İngilis dilində danışmaq qorxusu və ya utanmaq dil öyrənmə prosesinə nə dərəcədə təsir edir?
-Müəllimlik karyeramda ən çox çətinlik çəkdiyim hissələrdəndir. Utancaqlıq bə kompleks daha çox ibtidai sinifdən gəlir. Müəllim şagirdi qorxudur ya da motivasiyadan salır deyə o şagird böyüyəndə də bu komplekslə yaşayır. Dərs boyu uğursuzluq yaşayanda da o hadisəni xatırlayır və dil öyrənməsini tez dayandıra bilər. Ona görə də mən bu cür insanlara həssas yanaşıram və bacardığım qədər motivasiyalarını yüksəkdə saxlayıram. B1 səviyyəsinə gələnə kimi onlar çox tez dayandırma riskinə sahibdirlər.
Tələffüzdə ən çox hansı səhvlərə yol verilir və bunları aradan qaldırmaq üçün nə etmək lazımdır?
-Müəyyən sözlər var ki, onlar çox səhv tələffüz edilir. Saysaq onlar həddindən artıq çoxdur. Üstəlik Amerikan və Britaniya aksenti də məsələyə daxil olur deyə tələbələr çətinlik çəkirlər. Eyni dillərdir, amma tələffüz ayrı-ayrı olur. Tələbələr yaxşı olar ki, kölgələmə(shadowing) metodikasından istifadə etsinlər və hər sözün tələffüzünə xüsusi diqqət ayırsınlar
Dinləyib-anlama bacarığının inkişaf etdirilməsi niyə çətin hesab olunur?
-Məncə burada çətinlik yoxdur. Sadəcə doğru səviyyədən başlamaq lazımdır. Yeni başlayan bir insan iki aya isteyir ki, bütün filmləri başa düşsün. Bu qeyri-mümkündür. Yeni doğulan körpə insanları anlaması illər alır. Eləcə də danışması. Hər bir səviyyədə xüsusi dinləmə saatı mövcuddur və tələbə yalnız o səviyyədə dinləmə etməlidir.
Filmlərə, seriallara və musiqilərə ingilis dilində qulaq asmaq dil öyrənməyə həqiqətən kömək edirmi?
Bəli, kömək edir. Amma burada hansı səviyyədə başlamağı çox önəmlidir. B1 səviyyədən sonra etmək olar. Lakin ondan aşağı səviyyədə olan insanlar qətiyyən bu riski almamalıdır. İdman zalına gedib dərhal 50 kq bir aləti qaldırmaq insana travma yaşadır. Yeni başlayanlar mütləq 5 və ya 10 kq ilə başlamalıdırlar. Zamanla çəkini artıra bilərlər. Eləcə də dil öyrənilməsində ardıcıllıq çox önəmlidir.
İngilis dilini öyrənənlərin tez-tez etdiyi hansı yanlış üsullar prosesi ləngidir?
-Yanlış üsullar çoxdur. Birincisi özləri başlayırlar və çox vaxt səhv başlayırlar. Mütəxəssis dəstəyi və ya öyrənmədən qabaq xüsusi videolara baxmaq lazımdır. Haradan başlamalı, necə öyrenmeli və s. Çünki özləri başlayanda ya söz öyrənirlər, ya filmə baxırlar ya da qrammatika öyrənirlər. Bu da effekt vermir
Bir insanın ingilis dilini öyrənməyə başlayarkən ilk növbədə nəyə diqqət etməsi lazımdır?
-İlk öncə özünə sual verməlidir ki, mən həqiqətən öyrənə bilərəmmi? Bunun üçün kifayət qədər vaxtım varmı? Mən bu dili bir ilə öyrənəcəmsə buna səbrim çatarmı? Bu sualların cavabları mütləq “hə” olmalıdır.
İngilis dilini öyrənmək üçün gündəlik nə qədər vaxt ayırmaq optimaldır?
-Gündəlik minimum 1 saat dinləmə edilməlidir. Digər bacarıqlar üçün də bir saat kifayətdir. İki saat vaxt ayırmaq ideal hesab olunur.
Dil öyrənərkən sözləri əzbərləmək, yoxsa onları kontekstdə öyrənmək daha effektivdir?
-Əlbəttə ki, kontekstdən öyrənilməlidir. Əzbərlənən söz heç vaxt istifadə oluna bilməz. Əksinə o problemə çevrilir
Məktəbdə ingilis dili keçən şagirdlərin əsas problemi dilin tədrisində, yoxsa ondan praktik istifadə imkanlarının azlığındadır?
-Məktəbdə problem şagirddə deyil. Bir çox məktəb müəllimləri özləri belə ingilis dilində danışa bilmir. Onların şagirdləri düzgün öyrətməsi də sual altındadır. Ona görə mənim əlimdə olsa birinci kadrlardan başlayaram
İngilis dilini öyrənmək istəyən, lakin dəfələrlə başlayıb yarımçıq qoyan insanlara nə tövsiyə edərdiniz?
-Bu insanlar da həsssas kateqoriyama aiddirlər. Mənfi təcrübələr yaşayıblar deyə sıxıntı yaşayırlar. Ona görə ciddi şəkildə konsultasiya aparmaq lazımdır. Əvvəlki təcrübələrində nə problemlər olubsa onları sorğulamalıdırlar.
