İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
4 mins read

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva noyabrın 4-də Bakı Ekspo Mərkəzində keçirilən “AIREX 2026” – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə tanış olublar.

Canlixeber.com xəbər verir ki, “PASHA Property Management” şirkətinin təşkilatçılığı ilə keçirilən Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisində 47 yerli, 14 xarici olmaqla ümumilikdə 61 şirkət iştirak edir.

Qeyd edək ki, dövlətimizin başçısının Sərəncamı ilə 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunub. Sərginin təşkili ölkəmizdə daşınmaz əmlak, memarlıq və tikinti sahələrinin inkişafına dövlət səviyyəsində göstərilən diqqəti bir daha nümayiş etdirir. Sərgi mənzil almaq, yaşayış şəraitini yaxşılaşdırmaq və daşınmaz əmlaka investisiya yatırmaq istəyən şəxsləri, böyük investorları, şirkətlərin təmsilçilərini və sektorun peşəkarlarını vahid platformada birləşdirir, əmlak bazarının iştirakçıları arasında dialoqun genişləndirilməsi, təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından mühüm rol oynayır.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva “PMD Group” şirkətinin stendi ilə tanış olublar.

Məlumat verilib ki, “PMD Group” 2013-cü ildən bəri daşınmaz əmlaka investisiya, layihələrin inkişafı və idarə edilməsi istiqamətində fəaliyyət göstərir. Şirkət yaşayış, kommersiya və ictimai-sosial təyinatlı layihələr icra edir. “PMD Group” layihələri konsepsiyadan tikintiyə və idarəetməyə qədər əhatə edən dörd istiqamət üzrə xidmət göstərir. Tikinti və layihələrin idarə edilməsi, memarlıq və dizayn, daşınmaz əmlakın idarə olunması, satışı və icarəsi, logistika və anbar xidmətləri şirkətin fəaliyyət istiqamətlərinə daxildir. “PMD Group” və ona daxil olan şirkətlər tərəfindən paytaxtdakı Zəfər parkının inşası həyata keçirilib, Bakı və Abşeronla yanaşı, işğaldan azad edilmiş rayonlarımızda da bir sıra layihələr icra olunub və hazırda bu işlər davam edir.

Bildirilib ki, “PASHA Holding”in tərkibinə daxil olan “PAŞA Real Estate Qrup” daşınmaz əmlaka investisiya qoyuluşu, layihələrin inkişafı və əmlak aktivlərinin idarə edilməsi sahələrində fəaliyyət göstərir. Qrup Azərbaycanda və daha beş ölkədə – Türkiyə, ABŞ, Monteneqro, Gürcüstan və Özbəkistanda nüfuzlu beynəlxalq brendlərlə əməkdaşlıq çərçivəsində layihələr həyata keçirir. Azərbaycanın aparıcı daşınmaz əmlak şirkətlərindən biri olan “PAŞA Real Estate Qrup” beynəlxalq standartlara uyğun layihələri ilə Bakının müasir memarlıq simasının formalaşmasına töhfə verir. Onun layihələri tanınmış beynəlxalq memarlıq şirkətləri ilə əməkdaşlıq çərçivəsində reallaşdırılır. Qrupun fəaliyyət istiqamətləri daşınmaz əmlak layihələrinin inkişafını, hotel, yaşayış və ticarət obyektlərinin idarə olunmasını, həmçinin beynəlxalq hotel brendləri ilə əməkdaşlığı əhatə edir.

Dövlətimizin başçısı, birinci xanım və qızları “Sea Breeze”in stendinə baxıblar, həyata keçirilmiş işlər və perspektiv layihələrlə tanış olublar.

Qeyd edilib ki, “Sea Breeze” 1000 hektardan çox ərazini əhatə edir. Gələcəkdə isə bu rəqəmin 1850 hektaradək artırılması nəzərdə tutulur. Burada tamamlanmış və həyata keçirilən layihələrin sayı 50-dən artıqdır. “Sea Breeze”də artıq 60 mindən çox rezident (sakin) var. Bütövlükdə isə layihə tam icra olunduqdan sonra “Sea Breeze”də 500 min sakin yaşayacaq.