Çevik iş vaxtı rejimi praktikada müxtəlif formalarda tətbiq oluna bilər – HR ekspert
6 mins read

Çevik iş vaxtı rejimi praktikada müxtəlif formalarda tətbiq oluna bilər – HR ekspert

“Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planında çevik iş vaxtı rejiminin tətbiqi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, ölkəmiz üçün uyğun modellərin müəyyənləşdirilməsi, normativ hüquqi bazanın formalaşdırılması və mərhələli şəkildə tətbiqə başlanılması nəzərdə tutulur.
Bu təşəbbüsün əsas məqsədi iş prosesinin daha səmərəli təşkilinə nail olmaq, nəticəyönümlü idarəetmə yanaşmasını gücləndirmək və işçilərin iş–həyat balansını yaxşılaşdırmaqdır”.

Bu bərədə Canlixeber.com-a müsahibəsində HR ekspert Aytən Şixalıyeva deyib.


Müsahibəni təqdim edirik:

Çevik iş rejimi praktikada necə tətbiq olunacaq? 4 günlük iş həftəsinə keçid mümkün olacaqmı?

Çevik iş vaxtı rejimi praktikada müxtəlif formalarda tətbiq oluna bilər. Bu, işçinin hər gün ənənəvi 09:00–18:00 iş qrafikinə deyil, müəyyən edilmiş zaman intervalı çərçivəsində işə başlama və bitirmə saatlarını seçməsi, sıxlaşdırılmış iş həftəsi, hibrid və məsafədən iş modeli, növbəli və fərdiləşdirilmiş iş qrafiki, eləcə də iş vaxtının həftəlik deyil, müəyyən hesabat dövrü üzrə hesablanması kimi yanaşmaları əhatə edə bilər.
Burada əsas prinsip iş vaxtının düzgün uçotunun aparılması, işçinin istirahət hüququnun qorunması və onun daimi əlçatan olmasının tələb edilməməsidir. Təcrübə göstərir ki, düzgün tənzimlənən çevik iş rejimi həm iş–həyat balansına, həm də əmək məhsuldarlığının artmasına müsbət təsir göstərə bilər.
Bununla belə, çevik iş vaxtının tətbiqi avtomatik olaraq dördgünlük iş həftəsinə keçid demək deyil. Dördgünlük iş həftəsinin tətbiqi üçün ayrıca hüquqi mexanizmlərin yaradılması və əmək qanunvericiliyində müvafiq dəyişikliklərin edilməsi tələb olunur.


Hazırda Azərbaycanda normal iş vaxtı əsasən gündə 8 saat və həftədə 40 saat olmaqla beşgünlük iş həftəsi əsasında müəyyən edilir. Gələcəkdə dördgünlük model tətbiq edilərsə, bu iki formada həyata keçirilə bilər: ya həftəlik 40 saatlıq iş vaxtı dörd iş gününə bölüşdürüləcək, ya da həftəlik iş vaxtı norması azaldılaraq, məsələn, 32 saatlıq model tətbiq ediləcək.


Çevik rejimin hüquqi bazası necə tənzimlənməlidir ki, həm işçinin, həm də işəgötürənin hüquqları qorunsun?

Çevik iş rejiminin tətbiqi zamanı hüquqi münasibətlər aydın və şəffaf şəkildə tənzimlənməlidir. Bunun üçün çevik iş rejimi əmək müqaviləsində və ya ona əlavədə yazılı şəkildə əks olunmalıdır.
Müqavilədə iş vaxtının başlanğıc və bitmə saatları, işçinin mütləq əlçatan olacağı əsas saatlar, iş vaxtının uçotu, artıq işlənilən vaxta görə ödəniş, istirahət müddətləri, məsafədən işləmə qaydaları və rejimin dəyişdirilməsi və ya ləğvi şərtləri dəqiq göstərilməlidir.
Eyni zamanda, işçinin çevik iş rejiminə keçidlə bağlı müraciətinin yalnız obyektiv istehsalat və ya xidmət zərurəti olduğu hallarda əsaslandırılmış şəkildə rədd edilməsi daha balanslı yanaşma hesab oluna bilər.

Çevik iş vaxtına keçid əməkhaqqına, məzuniyyətə və iş stajına təsir göstərəcəkmi?

Əgər işçi yalnız işə başlama və bitirmə saatlarını dəyişir, lakin tam iş vaxtı normasını yerinə yetirirsə, bu halda əməkhaqqının hesablanması, ödənişli məzuniyyət hüququ və əmək stajı dəyişməməlidir.


Əgər natamam iş vaxtı rejiminə keçid olarsa, əməkhaqqı işlənilmiş vaxta və ya görülmüş işin həcminə uyğun hesablanacaq.
Bununla yanaşı, hazırda qüvvədə olan Əmək Məcəlləsinə əsasən natamam iş vaxtında işləmək əmək məzuniyyətinin müddətinin azalmasına və ya əmək stajının hesablanmasına mənfi təsir göstərmir.

Bu sistem dövlət qurumlarında tətbiq oluna bilərmi?


Mən hesab edirəm ki, çevik iş rejiminin dövlət qurumlarında tətbiqi mümkündür. Lakin bu yanaşma bütün peşə və vəzifələr üçün eyni formada tətbiq edilə bilməz.


Analitik, hüquqi, maliyyə, informasiya texnologiyaları və layihə əsaslı fəaliyyət sahələrində çevik və hibrid iş modellərinin tətbiqi daha real görünür. Vətəndaşlara birbaşa xidmət göstərən, təhlükəsizlik, səhiyyə və fasiləsiz fəaliyyət tələb edən sahələrdə isə növbəli və dəyişkən iş qrafikləri daha məqsədəuyğun olacaq.


Bu baxımdan hesab edirəm ki, ilkin mərhələdə pilot layihələrin həyata keçirilməsi, nəticələrin qiymətləndirilməsi və daha sonra mərhələli genişləndirilmə ən doğru yanaşmadır.