Bu məsələdə cəmiyyətimizin üzərinə böyük məsuliyyət düşür – EKSPERT
Sosial şəbəkələrdə viral olmaq və daha çox baxış toplamaq istəyi son dövrlər bəzi şəxsləri cəmiyyət üçün təhlükəli davranışlara sövq edir. Təcili xidmətlərə əsassız zənglər edilməsi, ictimai təhlükəsizliyə xidmət edən vasitələrdən məqsədsiz istifadə olunması və bu kimi hərəkətlərin lentə alınaraq əyləncə məqsədilə paylaşılması artıq təkcə sosial media davranışı deyil, həm də ictimai məsuliyyət məsələsinə çevrilib.
Bəs insanların bir neçə saniyəlik diqqət naminə belə riskli addımlara əl atmasının səbəbi nədir?
Mövzu ilə bağlı Canlixeber.com-a danışan media eksperti Töhfə Səmədova bildirib ki, ötən günlərdə “103” təcili tibbi yardım xidmətinə zəng edib dırnağının qırıldığını deyən və ya metro qatarlarındakı maşınistlə təcili əlaqə düyməsi ilə məzələnib bu anları sosial şəbəkələrdə paylaşan şəxslər cəmiyyətimiz üçün ciddi təhlükə mənbəyidir:
“Bu cür hallar sadəcə məsuliyyətsizlik yox, rəqəmsal dövrün yaratdığı ciddi sosial xəstəliyin və diqqət hərisliyinin bariz göstəricisidir.
Bu gün “TikTok”, “Instagram” və digər platformalarda baxış və bəyənmə toplamaq həvəsi bəzi fərdlərdə etik və mənəvi sərhədləri tamamilə sıradan çıxarıb. İnsanlar sırf viral olmaq, sosial şəbəkələrdə gündəmə çevrilmək üçün şok dəyəri olan, reaksiyaya səbəb verəcək hərəkətlərə əl atırlar. Lakin burada ən təhlükəli məqam bu hərəkətlərin birbaşa insanların həyatı və təhlükəsizliyi ilə oynanılaraq yumor kimi təqdim edilməsidir. Bu kimi insanlar həmin addımların nə qədər ciddi pozuntu olduğunu dərk etmir və buna görə də başqa insanların haqqına girirlər. Təcili xidmətlərin xəttini, operatorunu və ya metro maşinistini bir neçə saniyəlik belə əsassız məşğul etmək, həmin anda həqiqətən infarkt keçirən, qəzaya düşən və ya təhlükə ilə üz-üzə qalan başqa bir insanın yaşamaq şansını elə birbaşa əlindən almaq deməkdir. Burada tam bir empatiyasızlıq və rəqəmsal lovğalıq özünü büruzə verir. Bu, vətəndaşlıq anlayışından bixəbər olmağın ən bariz nümunəsidir. Şəxs etdiyi bu qanunsuz və etikadan kənar hərəkəti özü lentə alaraq fəxrlə paylaşırsa, deməli, bu cür davranışların sosial media alqoritmləri tərəfindən mükafatlandırılacağını düşünür və bununla da fenomenlik əldə edəcəyini sanır”.
Onun sözlərinə görə, bu meylin qarşısını almaq üçün hüquq-mühafizə orqanları tərəfindən həmin şəxslər müəyyən olunur və barələrində verilən inzibati cəzalar ictimaiyyətə nümayişkaranə şəkildə çatdırılır ki, bu, başqaları üçün çəkindirici olsun:
“Lakin bu məsələdə cəmiyyətimizin də üzərinə böyük məsuliyyət düşür. Burada mütləq ki, auditoriya da öz məsuliyyətini anlamalıdır. Çünki bu cür videoları bəyənmək, şərh yazmaq və ya paylaşmaq həmin qanunsuzluğa şərik olmaq və onu həvəsləndirməkdir. Mənfi diqqət də diqqət sayıldığı üçün belə kontentlərə reaksiya vermək yox, onları dərhal bloklamaq və şikayət etmək lazımdır. Unutmamalıyıq ki, rəqəmsal məkanda bir neçə saniyəlik populyarlıq qazanmaq istəyi heç bir halda real həyatda insanların təhlükəsizliyindən və yaşamaq hüququndan üstün ola bilməz”.
