Bu məhsullar Azərbaycanın kənd təsərrüfatı ixracında mühüm yer tutur – EKSPERT AÇIQLADI
Azərbaycan kənd təsərrüfatı məhsullarının xarici bazara çıxması aqrar siyasətin əsas istiqamətlərindən birinə çevrilib. Ölkənin coğrafi mövqeyi, müxtəlif iqlim qurşaqlarının mövcudluğu və bəzi məhsullar üzrə formalaşan istehsal ənənələri ixraca geniş imkanlar yaradır. Hazırda Azərbaycanın kənd təsərrüfatı ixracında meyvə, tərəvəz və pambıq əsas istiqamətlərdir.
Mövzu ilə bağlı Canlixeber.com-a danışan kənd təsərrüfatı üzrə ekspert Arif Nuriyev bildirib ki, ölkəmizin yüksək ixrac potensialı olan məhsullarından biri fındıqdır:
“Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Azərbaycan fındıq ixracında dünyada ilk beşlikdə yer alır. Bu məhsulun əsas üstünlüklərindən biri onun yalnız xammal kimi deyil, emal olunmuş formada da xarici bazarlara çıxarılmasının mümkünlüyüdür. Fındıq ləpəsi, qovrulmuş fındıq, fındıq pastası və müxtəlif qida məhsullarının istehsalı bu sahədə əlavə ixrac dəyərinin yaradılmasına imkan verir. Buna görə də fındıqçılıqda əsas hədəflərdən biri yalnız istehsal həcminin artırılması deyil, məhsulun emal səviyyəsinin yüksəldilməsi də olmalıdır”.
Ekspert həmçinin qeyd edib ki, xurma da Azərbaycan üçün mühüm ixrac məhsulları arasındadır:
“Rəsmi məlumatlara görə, Azərbaycanın xurma ixracında dünyada ikinci sıradadır. Bu məhsul üzrə ixracının artırılması məhsulun çeşidlənməsi, keyfiyyətin artırılması, qablaşdırılması və saxlanması xüsusi əhəmiyyət daşıyır. Nar da Azərbaycanın xarici bazarlarda tanınan digər kənd təsərrüfatı məhsuludur. 2025-ci ilin ilk yeddi ayında nar ixracının əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,7 faiz artması bu sahədə potensialın olduğunu deməyə imkan verir. Narın təzə meyvə ilə yanaşı, şirə, konsentrat və digər emal olunmuş məhsullar formasında ixracı daha yüksək əlavə dəyər yarada bilər”.
Müsahibimiz vurğulayıb ki, şaftalı və nektarin də son dövrdə ixrac imkanlarının genişləndiyi məhsullardandır:
“Rəsmi məlumatlara əsasən, Azərbaycan 2025-ci ildə ilk dəfə şaftalı və nektarin ixracında dünyada doqquzuncu yerdə qərarlaşıb. Həmin məhsulların ixracının 2025-ci ilin ilk yeddi ayında 33 faiz artması da diqqət çəkən məqamdır. Çiyələk və albalı da Azərbaycanın dünya ixracında ilk iyirmilikdə yer aldığı məhsullar arasındadır. Bu məhsulların üstünlüklərindən biri həm regional, həm də daha uzaq xarici bazarlarda tələbin olmasıdır.
Ekspert qeyd edib ki, tərəvəz məhsulları arasında pomidor Azərbaycanın artıq formalaşmış ixrac istiqamətlərindən biridir:
“Pomidor Azərbaycan dünya ixracında ilk iyirmilikdə yer alır. 2025-ci ildə təzə tərəvəz ixracının əvvəlki illə müqayisədə 18 faiz artması da bu istiqamətdə dinamikanın qorunduğunu göstərir. Həmçinin kartof ixracında da ciddi artım qeydə alınıb. Belə ki, 2025-ci ildə kartof ixracı 47,8 faiz artıb. Bu rəqəm kartofun da bazarlara çıxış baxımından perspektivli məhsullardan olduğunu deməyə imkan verir.
“Çay da Azərbaycanın ənənəvi kənd təsərrüfatı məhsullarındandır. Həmçinin xüsusi brendləşmə baxımından potensiala malik məhsuldur. Zeytun, badam, qoz, püstə və digər çərəz məhsulları isə yeni intensiv bağların salınması ilə ixracda daha böyük yer tuta bilər. Dövlətin subsidiya mexanizmlərində fındıq, qoz, gilas, şaftalı, nektarin, ərik, alma və armud kimi müxtəlif meyvə bağlarına dəstəyin nəzərdə tutulması da bu istiqamətlərin inkişafına şərait yaradır”-A.Nuriyev deyib.
Ekspertin sözlərinə görə, Azərbaycanın aqrar ixracında fındıq, xurma, nar, şaftalı, nektarin, pomidor, çiyələk, albalı, kartof və pambıq əsas perspektivli istiqamətlər kimi göstərilə bilər:
“Lakin nəzərə almaq lazımdır ki, gələcəkdə ixrac potensialının ölçüsü yalnız istehsal olunan məhsulun həcmi ilə müəyyənləşməyəcək. Məhsulun keyfiyyəti, emal səviyyəsi, saxlanma imkanları, logistika xərcləri və xarici bazarlarda tanınması, də burada mühüm rol oynayacaq. Buna görə Azərbaycanın aqrar ixracında növbəti mərhələnin əsas məqsədi sadəcə daha dost satmaq yox, həmçinin daha yüksək dəyərə malik məhsullar ixrac etmək olmalıdır”.
