Azərbaycanda 18 min manatdan çox aliment borcu olan ata həbs olundu
2 mins read

Azərbaycanda 18 min manatdan çox aliment borcu olan ata həbs olundu

Azərbaycanda aliment borcunu ödəməyən daha bir ata həbs olunub.

Canlixeber.com xəbər verir ki, 36 yaşlı Qəbələ rayon sakini 18 min manatdan çox aliment ödənişini yerinə yetirmədiyi üçün barəsində cinayət işi açılıb.

Məlumata görə, o, 2012-ci ildə zərərçəkənlə rəsmi nikaha girib. 2013 və 2015-ci illərdə cütlüyün iki övladı olub. Lakin münasibətləri yaxşı olmadığı üçün 2017-ci ildə boşanıblar. Həmin vaxt əvvəlcə Yasamal rayon Məhkəməsi təqsirləndirilən şəxsə hər uşağa 136 manat olmaqla, ayda ümumi 272 manat ödəniş etməyi tapşırıb. 2024-cü ildə isə həmin məhkəmə hər uşaq üçün məbləği 235 manata artırıb. Bununla da təqsirləndirilənin aylıq aliment ödənişi cəmi 470 manata qalxıb.

Amma o, qeyd olunan ödənişləri vaxtında və tam yerin yetirmədiyi üçün üç dəfə inzibati qaydada 10, 20 və 25 gün müddətinə həbs edilib. Sonradan ona məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilsə də, bu da əhəmiyyətsiz olub.

Nəticədə təqsirləndirilən şəxs barəsində müvafiq maddə ilə cinayət işi açılıb. O, ifadəsində borcu tam verə bilməyəcəyini, lakin hissə-hissə ödəyəcəyini bildirib. Zərərçəkən qadın isə indiyədək vaxtlı-vaxtında və tam aliment ödənişləri ala bilmədiyi üçün övladlarını təkbaşına böyütdüyünü deyib. Onun sözlərinə görə, təqsirləndirilən şəxs son dəfə 2021-ci ildə poçt vasitəsilə ona 257 manat pul göndərib.

Məhkəmənin qərarı ilə o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.