Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
2 mins read

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb.

Canlixeber.com xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-cü ildə 12.2 təşkil edib. Beləliklə, bir il ərzində göstərici 9.9 bənd yüksəlib.

Kənd yerlərində isə əks mənzərə müşahidə olunub. Belə ki, 2024-cü ildə hər 100 min diri doğulana 43.4 ana ölümü qeydə alındığı halda 2025-ci ildə bu göstərici 31.7-yə enib. Azalma 11.7 bənd və ya təxminən 27 faiz təşkil edib.

Ölkə üzrə ümumi göstərici isə 2024-cü ildəki 28.3-dən 2025-ci ildə 27.1-ə düşüb.

Statistikaya əsasən, 2025-ci ildə Azərbaycanda ümumilikdə 26 ana ölümü qeydə alınıb. Onlardan 10-u şəhər, 16-sı isə kənd yerlərinin payına düşüb. 2024-cü ildə isə 29 ana ölümü halının altısı şəhərlərdə, 23-ü kəndlərdə baş verib.

Müqayisə göstərir ki, kənd yerlərində ana ölümü hallarının sayı yeddi nəfər azaldığı halda, şəhərlərdə dörd nəfər artıb. Buna baxmayaraq, 2025-ci ildə də kənd yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi şəhərlərdən yüksək olub.

Qeyd edək ki, statistikada ana ölümü dedikdə hamiləlik, doğuş və doğuşdan sonrakı dövrdə yaranan ağırlaşmalar nəticəsində baş verən ölüm halları nəzərdə tutulur.